Timoteuş Puxaç: Əvvəllər ürəyimlə oynayırdım, indi isə...
Azərbaycan çempionu “Sabah”ın futbolçusu Timoteuş Puxaç Polşa millisinə dönüşü və son illərdə özü ilə bağlı baş vermiş dəyişiklikdən danışıb.
Sportify.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Polşa millisinin heyətinə iki illik fasilədən sonra qayıdıb.
O, Bosniya və Herseqovina ilə 0:0 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçını ehtiyat oyunçular skamyasında keçirib.
Puxaç hazırda millidə şansını gözlədiyini bildirib. Təcrübəli sol cinah oyunçusunun sözlərinə görə, klubunda dördlü müdafiə xəttində çıxış edir və özünü yaxşı tərəfdən nümayiş etdirir: “Burada da bunu göstərmək üçün gəlmişəm. Nəyə qadir olduğumu sərgiləmək istəyirəm. Şansımı gözləyirəm”.
O, son dövrlərdə insanların ona münasibətinin dəyişdiyini də qeyd edib. Puxaç bunun əsas səbəblərindən biri kimi öz üzərində işləməsini və “Sabah”la qazandığı uğurları göstərib: “İndi insanlar mənə fərqli baxırlar. Mənim hekayəm təslim olmamaq və zəhmətlə uğur qazanmağın yaxşı nümunəsidir. Amma milli komandada meydana çıxacağım və necə oynayacağım hər şeyi yenidən dəyişə bilər. Özümü doğrultmalıyam və bundan sonra ətrafımdakı ab-havanın necə olacağını görəcəyik”.
Təcrübəli futbolçu əvvəlki illərlə müqayisədə xarakterində də ciddi dəyişikliklərin olduğunu vurğulayıb: “Əvvəllər daha çox ürəyimlə oynayırdım, nəinki başımla. İndi isə məsələlərə fərqli yanaşıram, daha soyuqqanlıyam. Emosiyalarımı azarkeşlərə, həyat yoldaşıma və valideynlərimə saxlayıram. Özüm isə sakit yanaşıram”.
Puxaç mətbuat konfransında tez-tez gündəmə gətirilən səsgücləndirici məsələsindən də narazılığını bildirib. Müdafiəçi milli komandanın düşərgəsində səsgücləndiricidən istifadə etmədiyini və bu mövzunun artıq onu yorduğunu deyib: “Dinamik soyunub-geyinmə otağında qalıb, çünki məşq edirik. Açığı, səsgücləndirici barədə danışılmasından artıq yorulmuşam. Hər komandada səsgücləndiricisi olan futbolçular var. Bunun bu qədər müzakirə olunmasını başa düşmürəm. Bəli, səsgücləndirici ilə gəzirəm, amma bundan daha maraqlı mövzular var”.
“Sabah”ın müdafiəçisinin millidə növbəti şansını sentyabrın 28-də İsveçlə səfər oyununda əldə edə biləcəyi gözlənilir.
Qeyd edək ki, Timoteuş Puxaç sonuncu dəfə 2024-cü ilin noyabrında Şotlandiya ilə qarşılaşmada Polşa millisinin formasını geyinib. O, Paulo Souzanın rəhbərliyi altında milli komandada debüt edib və hazırda hesabında 15 oyun və 3 məhsuldar ötürmə var.



No Comment! Be the first one.