Oyan Nəzəriani: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir
Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir.
Sportify.az xəbər verir ki, bu sözləri çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Oyan Nəzəriani Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis millinin Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsindəki uğurlu çıxışından danışıb:
“Çox güclü yarış oldu. Çoxlu sayda iştirakçı var idi. Keçən ilin final mərhələsindən sonra iki qızıl medal qazanmışdıq. Elə həmin yarışdan qayıdandan sonra burada söz verdik ki, gələn il 4 çəkidə iştirak edəcəyik və komanda halında da çalışacağıq ki, iddiamızı önə sürək və şükürlər olsun ki, belə də oldu. Bütün çəkilərdə medal qazanıldı. İki qızıl və iki bürünc medal oldu və komanda halında da dünya çempionu olduq. Çimərlik güləşində iddialı ölkələrdən biriyik. Burada Azərbaycan Güləş Federasiyasının bizə verdiyi dəstək danılmazdır. Vaxtaşırı təşkil edilən yüksək səviyyəli təlim-məşq toplanışları və müxtəlif yığma komandaların ölkəmizə dəvət olunması bizim üçün çox faydalı oldu. İlk dəfə ölkəmizdə çimərlik güləşi üzrə U17 Dünya çempionatı və böyüklər arasında Dünya Seriyasının 4-cü mərhələsinin keçirilməsi xal ehtiyatımızı artırdı. Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə daim yanımızda olduqları üçün təşəkkürümüzü bildiririk.
Bizim yarışın final günü — 27 sentyabr Anım Gününə təsadüf eləyirdi. Biz bayrağımızı önümüzə qoyduq və yarışın başladığı gün qeyd etdik ki, bu millətin övladları bu millət üçün canından keçiblər, biz də bu millətə borcluyuq. Tələbələrimizə İsmayıl bəy Qaspıralıdan bir cümlə ilə onları motivasiya eləməyə çalışdım: “Millətinə fayda vermək istəyirsənsə, öz bildiyin işdən başla. Sizin bildiyiniz iş də idmandır. Bu gün axıra qədər mübarizə aparaq, millətimizi sevindirək”. Şükürlər olsun ki, elə də oldu.
Dünyanın ən yaxşı məşqçisi seçilməyim sevindirici haldır. Mükafatı alanda da dedim ki, bu fərdi mükafatdan əlavə, mənim üçün həm də komanda mükafatıdır. Çünki heç bir şəxs təkbaşına büyük uğurlar qazana bilməz. Ona görə də bir daha yarışda iştirak edən tələbələrimizə, iştirak etməyib yığma komandanın üzvlərinə, məşq prosesində kömək olan tələbələrimizə, yığma komandanın məşqçilərinə, idmançıların şəxsi məşqçilərinə, Güləş Federasiyasına təşəkkür edirəm”.



No Comment! Be the first one.