Təcili Tibbi Yardım avtomobil gec gəldi, “Şəmkir” cəzalandı
AFFA İntizam Komitəsinin iclasında II Liqanın V turunda keçirilmiş oyunlarla bağlı qərarlar qəbul edilib.
Sportify.az xəbər verir ki, sentyabrın 28-də keçirilən “Zəngəzur” – “Kür-Araz” matçından əvvəl “Zəngəzur” komandası oyunun ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 150 manat cərimələnib (maddə 84.1).
Həmin gün “Şəki” – “Hypers” qarşılaşmasında “Şəki” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə olunub
“Şəmkir” – “Şirvan” oyununda isə bir neçə intizam pozuntusu qeydə alınıb. Belə ki, “Şəmkir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.
Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə qarşılaşmanın gec başlaması ilə əlaqədar “Şəmkir” komandası 200 manat cərimə edilib.
Bundan başqa, həmin oyunda “Şəmkir” komandasının həkiminin olmaması və bu halın cari mövsümdə ikinci dəfə təkrarlanması səbəbindən klub 200 manat cərimələnib.
“Şirvan” komandasında 5 futbolçunun sarı vərəqə alması ilə əlaqədar isə klub 70 manat cərimə olunub.
Komitə AFFA U-17 Liqasında keçirilmiş “İmişli” – “Dinamo (Bakı)” oyunu ilə bağlı da qərar qəbul edib. Sentyabrın 26-da baş tutan qarşılaşmanın 87-ci dəqiqəsində “Dinamo (Bakı)” komandasının 16 nömrəli futbolçusu Azər Şahmarov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti bir oyuna buraxılmayacaq.



No Comment! Be the first one.