Kapitan: Lixtenşteynlə heç-heçə Azərbaycan yığmasına əlavə motivasiya verəcək
Bu, Kaunasdakından da maraqlı oyun olacaq. Rəqibin Lixtenşteynlə 3 gün əvvəl keçirdiyi görüşün nəticəsi onlara əlavə motivasiya və əhval-ruhiyyə verəcək. Biz bunu bilir və təəccüblənə bilmərik. Bu məqamdan müəyyən üstünlük kimi yararlana bilərik”.
Sportify.az xəbər verir ki, bunu Litva millisinin kapitanı Yustas Lasitskas Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan əvvəl deyib.
Litvalılar bugünkü oyunadək yoldaşlıq görüşündə Andorra üzərində 3:0 hesablı qələbə qazanıb. Xorvatiya “Riyeka”sından dəvət almış 29 yaşlı yarımmüdafiəçi sentyabrın 30-da keçirdiyikləri həmin qarşılaşmanı komandası üçün qəribə hazırlıq matçı adlandırıb: “Adətən, biz öz klublarımıza bir həftəyə qayıdırıq. Burada isə daha bir həftə qaldıq. Hər şeyə – istirahətə, fərdi və intensiv məşqlərə vaxtımız oldu. Ola bilsin, bu, milli komanda üçün bir qədər qeyri-adidir. Lakin şərait ideal idi. Uzun milli fasiləni yüksək notda bitirmək istərdik”.
Lasitskas 1 xalın onları qane edəcəyinə dair sualı belə cavablandırıb: “Oyunöncəsi hesablamalar heç də xoşuma gəlmir. Meydana oynamaq, qələbə qazanmaq üçün çıxırsan. Başqa heç nə fikirləşmirsən. Kaunasda gördük ki, komandalar bərabər səviyyədədirlər. Onların da, bizim də keyfiyyətli futbolçularımız var. Buna görə də meydana çıxmaq və oynamaqdan qorxmamalıyıq. Heç-heçə üçün oynasaq, bizə çox pis olacaq. Lakin bu, dəqiq baş verməyəcək. 1 xal yox, qələbə üçün oynayacağıq. Başa düşürəm ki, heç-heçə də pis nəticə deyil, lakin hələlik bunlar hesablamalardır. Əvvəllər məğlubiyyət bizi bir qədər motivasiyadan salırdı. Adama elə gəlirdi ki, çox şeyi yaxşı etsək də, nə isə çatışmayıb. İndi isə qələbələr qazanırıq və bunlara bir proses kimi yanaşırıq”.
Litvanın “Kauno Jalgiris” klubu UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Təcrübəli futbolçunun fikrincə, bu məqam yığmanın da çıxışına təsirini göstərir: “Millinin inkişafını belə göstəricilərlə də qiymətləndirmək olar. Yığmanın oyunu da zamanla formalaşır. Komandamız inkişaf edir, daha yaxşı olur. Buna görə də bütün bunların oyuna da təsirini göstərməsini istərdik”.
Qeyd edək ki, bu gün “Palms Sports Arena”da keçiriləcək Azərbaycan – Litva matçı saat 16:00-da başlanacaq.


No Comment! Be the first one.