Ferstappen: “Horner gedəndən sonra Red Bull-da vəziyyət daha az gərgindir”
“Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula-1”də Kristian Hornerin ayrılmasından sonra vəziyyətin daha az gərgin olduğunu bildirib.
Sportify.az xəbər verir ki, niderlandlı pilot keçmiş komanda rəhbərinin mümkün qayıdışı ilə bağlı da fikirlərini bölüşüb.
Ferstappen bildirib ki, komandalar arasında münasibətlərin yaxşı olması onun üçün daha önəmlidir:
“Düzünü desəm, insanların bir-biri ilə yaxşı münasibətdə olmasını xoşlayıram. İnsanlar arasında daim gərginliyin olması yaxşı deyil. Kənardan baxanlar belə vəziyyətləri maraqlı hesab edə bilərlər, amma komandalar arasında mehriban münasibətlərin olması daha yaxşıdır.
Hazırda vəziyyət o qədər də gərgin və maraqlı görünməyə bilər, amma insanların davranışlarının necə dəyişdiyini bəyənirəm. Hər şey daha az streslidir. Hamımız gərgin həyat yaşayırıq və bəzən bu gərginliyi azaltmaq yaxşıdır”.
Hornerin “Formula-1”ə mümkün qayıdışı barədə danışan Ferstappen onun işini yüksək qiymətləndirib, lakin bu məsələnin özünü maraqlandırmadığını vurğulayıb:
“O, yaxşı iş gördüyünü sübut edib. Təbii ki, çoxlu şayiələr yayılır və bunların nə qədərinin doğru olduğunu bilmirəm. Kobud səslənmək istəmirəm, amma bu, mənim problemim və ya narahatlığım deyil. O, geri qayıtmaq istəyir və yaxşı fürsət yaranarsa, əminəm ki, bunu edəcək. Ancaq məsələnin necə nəticələnəcəyini bilmirəm”.
Qeyd edək ki, Kristian Horner 2025-ci ildə “Red Bull”dan ayrılıb. Verstappen onun rəhbərliyi altında komandanın heyətində dörd dəfə dünya çempionu olub.
Ferstappen “Red Bull”da qalmasının səbəbini açıqlayıb.
Niderlandlı pilot digər komandaların, o cümlədən “Ferrari”nin onun üçün cəlbedici olub-olmaması barədə də danışıb. O, əsas məqsədinin qələbə qazanmaq olduğunu bildirib:
“Mən sadəcə qalib gəlmək istəyirəm. Keçmişə bağlı insan deyiləm. “Ferrari” brendinə böyük hörmətim varmı? Əlbəttə. Amma ora keçib beşinci və ya altıncı yerlər uğrunda mübarizə aparacaqsansa, bunun nə mənası var?
Mən nəticələrə köklənmişəm və bu komanda ilə artıq çoxlu qələbələr qazanmışam. “Red Bull” mənim ikinci ailəmdir. Komandanı yenidən qurmaq çağırışı məni motivasiya edir”.
Ferstappen “Red Bull”la yeni dördillik müqavilə imzalayıb. Bununla belə, 29 yaşlı pilot Fernando Alonso kimi 46 yaşına qədər “Formula-1”də qalmağı düşünmədiyini söyləyib.
“Bu yaşa qədər burada qalmaq həyatımın yarıdan çoxunu “Formula-1”ə həsr etmək demək olardı. Düşünürəm ki, bu, bir qədər çoxdur.
Bir neçə il üçün müqaviləmi uzatmışam. Daha sonra özümə baxıb 100 faizini verə bilib-bilməyəcəyimi qiymətləndirəcəyəm. Əgər bunu edə bilməsəm və ya vaxt ayırmağa dəyər başqa maraqlı işlər olsa, bəlkə də davam etməyəcəyəm.
Həmçinin evdə daha çox vaxt keçirmək və uşaqlarımın böyüməsini izləmək istəyirəm”, – deyə Ferstappen əlavə edib.


No Comment! Be the first one.