Filipe Kandido: Nihatın əvəzedicilərə göndərilməsi daxili qərarımız idi - VİDEO
“Oyunu udmağı daha çox haqq edirdik. Bunu nəticə də göstərir. Çox erkən qollarla üstünlüyü ələ aldıq. Onlar bir qol vursalar da, tezliklə cavab verdik və ilk yarını 3:1 hesabı ilə öndə bitirdik. İkinci hissəni o qədər də bəyənmədim. Futbolçularımız yenə qol vurmağa can atırdılar. Hər halda bir qol da vuraraq, böyük hesablı nəticəyə nail olduq”.
Sportify.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido evdə “Qəbələ”ni 4:1 hesabı ilə yendikləri Misli Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.
Üç həftəlik milli fasilədə daha yaxşı hazırlıq keçdiklərini söyləyən Kandido mövsümə uğursuz başlamaları ilə əlaqədar üzləşdikləri təzyiqlərdən də danışıb: “Futbolda təzyiq həmişə normaldır. Amma mən həmişə sakitəm. Çünki cəmi 3 aydır burdayam və günün 24 saatını çalışıram ki, komandanı yığıb-formalaşdıraq. Məsələn, Mikel Arteta öz komandasını yaratmaqdan ötrü 5 ildir “Arsenal”da işləyir. Baş məşqçiyə çalışmaq üçün bir az vaxt vermək lazımdır. Həmçinin, fikrimcə, ötən tur “Kəpəz”lə oyunda qələbə qazanmalı idik. Çünki hesabda 1:0 öndə olduğumuz vaxt ikinci qolu vurmaq üçün 5-6 real şansımız oldu. Amma biz bunu edə bilmədik və nəticədə rəqib bərabərlik qolunu vurdu. Bununla da oyun heç-heçə yekunlaşdı, biz qələbəni əldən verdik”.
47 yaşlı baş məşqçi özünə və komandasına güvənməsinə baxmayaraq, bəzən kollektivi istədikləri kimi nəzarətdə saxlaya bilmədiklərini etiraf edib: “Əvvəlki 3 oyunda qələbə qazanmamağımızın səbəbi bəzi futbolçuların komandaya gec qoşulmaları oldu. Ronaldo Vaskes kollektivə gec gəlmişdi, Keffel Resende zədəyə görə yayda məşq edə bilmədi. Eyni sözləri Mamadi Banqre və Tiaqo Almeyda barədə də deyə bilərəm. Onları toparlamaq və komandanın özünə gəlməsi üçün hər oyunda nələrisə qurban verməli olduq. Bu gün bütün futbolçularımız istədiyimiz qədər oynayırlar. Amma çox da böyütməyək. Sadəcə, 3 xal qazanmışıq. Qarşıda yenə oyunlarımız var. Mütləq şəkildə inkişafa davam etməliyik. Oktyabrın 16-da “Araz-Naxçıvan”la da ev oyunumuz olacaq. Bu oyundan çıxıb ona köklənməliyik”.
Kandido start heyətdə meydana 10 legioner buraxmasını isə belə əsaslandırıb: “Mənim üçün oyunçunun yerli və ya əcnəbi olmasının o qədər də fərqi yoxdur. O mənada ki, hər bir qarşılaşma üçün ən yaxşı formada olanlardan ideal “11-lik” düzəltməyə çalışıram. Məsələn, ilk oyunumuzda mən 5 yerli futbolçuya güvənmişdim, bu gün 1 azərbaycanlı oyunçu buraxmışdım. Onu da nəzərə alaq ki, milli fasilədə mən 12-13 futbolçu ilə məşq keçirdim. Onların da hamısı əcnəbi idi. Çünki yerli oyunçularımız milli komandalara yollanmışdı. Başa düşürəm, onlar da inkişaf etmək üçün oynamalıdırlar. Amma elə bir balans yaratmalıyıq ki, həm gənclər balans yaratsınlar, həm də komanda lazımi nəticəni qazana bilsin”.
Baş məşqçi bu qələbə ilə komandanın relsə düşdüyünə dair fikirləri yaxına buraxmayıb: “Hələ də tam olaraq, istədiyimiz oyundan uzaqdayıq. Amma onu deməliyəm ki, “Sumqayıt” oyundan-oyuna daha yaxşı çıxış edir. Düşünürəm ki, bir oyunun içində daha yaxşı çıxış etdiyimiz bölümlərin sayını artırmalıyıq. Məsələn, bir hissədən də çox müddətdə yaxşı oynamalıyıq. Amma Azərbaycanda heç bir rəqibə qarşı çıxış etmək asan deyil. Ən çətin oyun həmişə növbətisidir. Başa düşürəm, Azərbaycan Premyer Liqasında 4 klubun büdcəsi digərlərindən fərqlənir. Amma istənilən halda, qalan bütün komandaların hamısı aşağı-yuxarı bir-birinə bərabərdir. Bütün rəqiblərə qarşı oyundan-oyuna daha yaxşı çıxış etməliyik. Qətiyyən rahatlaşmaq olmaz. Bir günlük istirahətdən sonra növbəti oyuna hazırlaşacağıq”.
O, Azərbaycanın U-21 millisində də çıxış edən Nihad Əhmədzadənin “Sumqayıt”ın əvəzedici heyətə göndərilməsinə dair xəbərləri də şərh edib: “Bu, klubun daxili qərarı idi. Düşündük ki, bir neçə məşqi B komandamızla birlikdə keçirsin. Bu gün isə gördüyünüz kimi, əsas komandada idi və meydana da çıxdı. Bəzən belə qərarlar da vermək olur. Mənim ölkəmdə bunu çox normal qarşılayırlar. Gənc futbolçuları B komandaya həm öz inkişafları, həm də oradakı komanda yoldaşlarına kömək etmək məqsədilə göndərirlər. Ola bilər ki, zaman-zaman digər gənclərin timsalında da bunu görə bilək”.
Mütəxəssis vətəni Portuqaliyanın milli komandasında Kriştianu Ronaldu ilə bağlı yaşanmış situasiya heç də asan olmadığını dilə gətirib: “Hazırda Portuqaliyada bütün media, demək olar ki, bu olaydan yazır. Amma bu, mənim həll edəcəyim problem deyil. İstənilən halda, Portuqaliya yığması UEFA Millətlər Liqasının ilk 4 turunun bütün oyunlarında qələbələr qazanıb. Deməli, Ronaldusuz da olurmuş”.
Посмотреть эту публикацию в Instagram



No Comment! Be the first one.