Zakaria Savo: Hansı ölkədən çağırsalar, mən hazıram - MÜSAHİBƏ
“Qarabağ”ın yay transferi Zakaria Savo Misli Premyer Liqasında VII turun “İmişli”yə qarşı səfər matçında debüt edib.
26 yaşlı hücumçu Ağdam komandasının Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan MOİK-inə qarşı iyulun 30-da keçirdiyi cavab görüşündə sağ bud əzələsindən xəsarət alıb. Avqustun 2-də onun 8 həftəyədək sıradan çıxdığını açıqlanıb.
Beləliklə, çempionatın ilk 6 tur oyununu buraxan Savo “İmişli” ilə görüşün 66-cı dəqiqəsində meydana daxil olub.
Qarşılaşmanın ardından İsveç və Qambiya əsilli forvard Sportify.az-a eksklüziv müsahibə verib:
– Zədədən sonrakı bərpa dövrünüz necə keçdi?
– Bərpam çox yaxşı keçdi. Tibbi şöbəmiz üzərimdə çox yaxşı işlədi, çox əziyyət çəkdi. Şadam ki, zədədən bərpa olunaraq, yaşıl meydanlara qayıtdım.
– Zədəli vaxtınızda “Qarabağ”ın avrokubokların əsas mərhələsindən kənarda qaldı. Özünüz formada olsaydınız, sizcə, bu, baş verərdimi?
– Belə demək olmaz. Çünki nəticə yalnız məndən asılı deyil. Komandada 25-30 futbolçu var. Futbol – kollektiv idman növüdür. Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməməyimizə görə çox pis olduq. İndi bütün fikrimizi çempionluğa yönəltmişik. Hədəfimiz budur.

– Gələn tur “Neftçi” ilə oynayacaqsınız. Gözləntiniz nədir?
– Hədəfimiz 3 xaldır. Güclü rəqib, çox yaxşı komanda olduğunu bilirik. Amma biz də “Qarabağ”ıq. Məqsədimiz qalib gəlməliyik.
– Milli komanda seçimi imkanınız olsaydı, İsveçi, yoxsa Qambiyanı seçərdiniz?
– (gülür – red.) Mən bilmirəm. Anam İsveçdən, atam Qambiyadandır. Hansı ölkədən çağırsalar, mən hazıram.
Haşım MƏMMƏDOV



No Comment! Be the first one.