Ronaldu Messi ilə rəqabətini Formula 1 pilotları ilə müqayisə etdi
Səudiyyə Ərəbistanı “Əl Nəsr”inin futbolçusu Kriştianu Ronaldu ABŞ-nin “İnter Mayami” komandasının hücumçusu Lionel Messi ilə rəqabətindən danışıb.
Sportify.az xəbər verir ki, portuqaliyalı futbolçu “CNN Portugal”a müsahibəsində argentinalı ulduzla mübarizəsini əfsanəvi “Formula-1” pilotları Ayrton Senna və Alen Prostun rəqabəti ilə müqayisə edib.
“Bizim aramızda Ayrton Senna və Alen Prostda olduğu kimi sağlam rəqabət var idi. Meydandan kənarda isə bu, həmişə hörmət çərçivəsində qalırdı. Biz daim bir-birimizi öz limitlərimizi aşmağa sövq edirdik”, – deyə Ronaldu bildirib.
Qeyd edək ki, Senna və Prost 1988–1989-cu illərdə “Maklaren” komandasının heyətində çıxış edərək dünya çempionluğu uğrunda mübarizə aparıblar. Prost karyerası ərzində 4, Senna isə 3 dəfə dünya çempionu olub.
41 yaşlı Ronaldu 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb və 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olub. 39 yaşlı Messi isə 8 dəfə “Qızıl top” qazanmaqla bu göstərici üzrə rekord sahibidir. Argentina millisinin kapitanı 2022-ci ildə dünya çempionu olub və iki dəfə Amerika Kubokunu qazanıb.



No Comment! Be the first one.