Dmitri Kramarenkonun gimnast qızı müğənni oldu - VİDEO
Rusiyalı bədii gimnast Lala Kramarenko idman karyerasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda ikinci mahnısını təqdim edib.
Sportify.az xəbər verir ki, 21 yaşlı Avropa çempionu oktyabrın 9-da “Пламя” (“Alov”) adlı yeni sinqlını yayımlayıb. Mahnı iki insan arasındakı güclü hisslərə və qarşılıqlı cazibəyə həsr olunub.
Kramarenkonun musiqi debütü avqustun 21-də “Лентами” (“Lentlərlə”) adlı mahnı ilə baş tutub. O, həmin vaxt musiqinin onun üçün sadəcə hobbi deyil, həm də özünü ifadə etməyin yeni üsuluna çevrildiyini bildirib. Sentyabrda gimnast Moskva şəhər gününə həsr olunmuş konsertdə ilk mahnısını da ifa edib.
İdmandan kənar bu fəaliyyətlər Kramarenkonun karyerasında uzunmüddətli fasilə ilə eyni vaxta təsadüf edir. O, sentyabrda yarışlara qayıtmamaq və idman karyerasını başa vurmaq ehtimalını istisna etməyib.
Gimnast 2024-cü ildən dizindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesi keçir. O, sentyabrda TASS-a açıqlamasında gələcək planları ilə bağlı bunları deyib: “Əvvəlcədən nəsə deməyi sevmirəm. Bərpa üçün nə qədər vaxt lazım olacaqsa, o qədər də vaxt ayıracağam”.
Lala Kramarenkonun atası, Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenko isə qızının səhhətinin xeyli yaxşılaşdığını bildirib.
Bununla belə, idman karyerasını davam etdirib-etdirməmək barədə qərarı gimnastın özü verəcək.
Qeyd edək ki, Lala Kramarenko 2021-ci ildə komanda yarışında Avropa çempionu olub, gənclər arasında üçqat dünya çempionudur. O, 2024-cü ildə BRİKS Oyunlarında fərdi çoxnövçülük üzrə qızıl medal qazanıb.



No Comment! Be the first one.