“Norveçdəki matçın təsadüf olduğunu Bakıda göstərə bilərik”
Almaniya “Borussiya Dortmund”unun baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçiriləcək III tur oyunundan öncə komandasının son nəticələrini dəyərləndirib.
Sportify.az xəbər verir ki, almaniyalı mütəxəssis hücumdakı problemləri aradan qaldırmalı olduqlarını bildirib.
Dortmund təmsilçisi son üç rəsmi matçında qələbə qazana bilməyib. Komanda Bundesliqanın V turunda “Verder”lə evdə 2:2 hesablı heç-heçə edib, Norveçdə Çempionlar Liqası matçında “Budö-Qlimt”ə 0:1 hesabı ilə uduzub, son olaraq isə çempionat oyununda səfərdə “Union Berlin”lə qolsuz bərabərə qalıb.
Kovaç Berlin təmsilçisi ilə görüşdən sonra hücumların daha dəqiq qurulmasının vacibliyini vurğulayıb: “Son hücum zonasında daha dəqiq, daha diqqətli və daha avtomatik oynamalıyıq. ‘Union’ yaxşı müdafiə olunurdu, amma biz imkanlarımızdan istədiyim kimi istifadə edə bilmədik. Rəqibin müdafiə xəttinə hücum etmək və sonda onu yarmaq olardı. Bu yanaşmaya tezliklə qayıtmalıyıq, çünki matçlarda yalnız qol vurmaqla qələbə qazanmaq mümkündür”.

“Borussiya Dortmund”un idman direktoru Ole Buk da komandanın son nəticələrindən narazı qaldıqlarını gizlətməyib. O, “Budö-Qlimt”lə oyundakı məğlubiyyətin təsadüfi olacağına ümid etdiklərini bildirib: “Bu, iradə sınağıdır. Daha sonra bizi 25 dərəcə isti hava gözləyir”.
O, “Sabah”la oyunun komandanın Norveçdəki uğursuzluqdan hansı nəticələri çıxardığını göstərmək üçün yaxşı fürsət olduğunu vurğulayıb: “Orada hansı nəticələr çıxardığımızı və Çempionlar Liqasında Norveçdəki matçın sadəcə təsadüf olduğunu göstərə bilərik. Bizə komanda şəklində öyrənmək və inkişaf etmək imkanı verilib. Buna şadıq”.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” qarşılaşması saat 20:45-də başlanacaq.



No Comment! Be the first one.