Azər Məmmədov: O hücumçumuz dünyanın ən ucuz legioneridir
“Bugünkü nəticəmizə görə azarkeşlərimizə təşəkkür etməlidirlər. Onlar çox möhtəşəmdirlər. Onların dəstəklərini kənardan hiss edirəm və bu, danılmazdır”,
Sportify.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Məmmədov evdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis komandası ilə fəxr etdiyini bildirib: “Bəzi itkilərimizə rəğmən, komandamız yaxşı oynamağa çalışdı. Rəqibimiz çox güclü, topla çox yaxşı çıxış edən, hər il yüksək yerlər uğrunda oynayan komanda idi. Bu gün xalımızın üstünə 1 xal gətirdik. Düşünürəm ki, bu, bizim üçün uğurdur”.
O, futbolçu kimi “Kəpəz”də daim yüksək yerlər uğrunda oynadıqlarını xatırladıb: “Əvvəlki ilə indiki arasında fərq bundadır ki, hazırda yüksək yerlər uğrunda oynamırıq. Bu halda belə çoxsaylı azarkeşlərin gəlməsi də böyük uğurdur. Sabah komanda yüksək yerlər uğrunda oynasa, bu stadion da kifayət etməyəcək”.
Məmmədov əks-hücum taktikası ilə oynamağa daha çox üstünlük verdiklərini, amma bu dəfə irəlidə olduqları vaxt belə bir şansı yaxalaya bilmədiklərini söyləyib.
Baş məşqçi büdcəyə uyğun addım atdıqlarını vurğulayıb: “Rəhbərlik bizə hərtərəfli dəstək verir. Danışığımız bu olub ki, hədəfimiz Premyer Liqada qalmaq, buna nail ola biləcəyiksə, irəliləyə bildiyimiz mövqeyədək getməkdir. 11 legionerimiz var, 1 əcnəbi də transfer edə bilərik. Komandamıza əcnəbi hücumçu gətirməyi düşünürəm. Maliyyədə razılıq əldə edə bilsək və fəlsəfəmə uyğun olsa, yerli oyunçu da götürə bilərik”.
O, “Kəpəz”in ev oyununda stadionun ən çox dolan arena olduğunu söyləyib: “Özümə də təəccüblüdür ki, niyə bu komandaya sponsor gəlmir. Bəli, bir neçə şirkətlə əməkdaşlıq edirik. Amma düşünürəm ki, “Kəpəz” yaxşı bir sponsorunun olmasına layiqdir. Bu azarkeşlər də daha yüksək yerlərə oynamağa layiqdir”.
Məmmədov Dioqo Verdaşkanın əzələ dartılmasından sonra fərdi məşqlər etdiyini, yaxın vaxtlarda – “Şəfa” ilə matçadək komandaya qoşulacağını əlavə edib. Baş məşqçi əsas qapıçı transferində yanlışlığa yol verdiklərini etiraf edib: “İkinci qapıçımız uğurlu alındı. Qapıçı məsələsi mənim üçün ağrılıdır. Komandadan gedib-qayıdanlar olanda alınmır. Rojerio Santos istisnadır”.
O, I Liqadan Kennet Kalunqanı gətirərkən, təzyiqlə üzləşdiklərini də vurğulayıb: “Kalunqada bir futbolçu kimi üstünlüyü görürdüm. Onu ehtiyatda saxlamağı düşünürdüm. İkinci səbəb isə odur ki, ikinci hücumçu kimi yerli futbolçuya müraciət edəndə onlar büdcəmizə uyğun olmadı. Etiraf edim ki, Kalunqa dünyanın ən ucuz legioneridir. Amma aldığı məbləğin qat-qat artığına layiqdir. Bir sözlə, ucuz və keyfiyyətlidir”,



No Comment! Be the first one.