Fuad Hacıyev: Məşqçilər Azərbaycan futbolunun inkişafında mühüm rol oynayır
“Azərbaycan futbolunun inkişafı üçün məşqçilərin nəzəri bilikləri və praktiki təcrübələri ilə yanaşı, pedaqoji bacarıqlarının da artırılması vacibdir”.
Sportify.az xəbər verir ki, bu sözləri Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev akademiya ilə “Qarabağ” Futbol Klubunun akademiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş tədbirdə deyib.
“Futbol Azərbaycan cəmiyyəti üçün yalnız idman növü deyil, həm də insanların əhval-ruhiyyəsinə, cəmiyyətə təsir edən mühüm amildir. Bu baxımdan, gələcək futbolçuların yetişdirilməsində məşqçilərin üzərinə böyük məsuliyyət düşür. Onlar idmançıların hazırlanması ilə yanaşı, pedaqoji yanaşmalara və fərdi bacarıqların inkişafına da diqqət yetirməlidirlər. Beynəlxalq təcrübədə idman komandalarının fəaliyyətində həkimlər, psixoloqlar, fiziki hazırlıq mütəxəssisləri, analitiklər və digər peşəkarların iştirakı mühüm rol oynayır. Belə mütəxəssislər idmançıların fiziki və psixoloji vəziyyətini qiymətləndirir, onların potensialının üzə çıxarılmasına və hazırlıq prosesinin daha səmərəli təşkilinə kömək edirlər. Azərbaycanda da bu istiqamətdə imkanlar mövcuddur. İdmançıların funksional diaqnostikasının aparılması, göstəricilərinin təhlili və fərdi hazırlıq prosesinin düzgün qurulması idmanda nəticələrin yaxşılaşdırılmasına töhfə verə bilər”.



No Comment! Be the first one.