Aleksey İsayev: Onlar olmadan mən heç kiməm! - MÜSAHİBƏ
“Sabah”ın futbolçusu Aleksey İsayev Misli Premyer Liqasının VIII turunda səfərdə “Qəbələ”ni 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Sportify.az-a eksklüziv müsahibə verib.
31 yaşlı yarımmüdafiəçi qarşılaşma, vurduğu qollar, şəxsi çıxışı və komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniya təmsilçisi “Borussiya Dortmund”a qarşı evdə keçirəcəyi III tur matçı ilə bağlı sualları cavablandırıb.
– “Qəbələ” ilə görüşü necə dəyərləndirərdiniz?
– Oyun ağır keçdi. İlk hissədə bir-birimizə uyğunlaşmağa çalışırdıq. Çünki milli komandaların oyunları ilə əlaqədar yaranan fasiləyə görə uzun müddət meydana çıxmamışdıq. İkinci hissədə isə öz oyunumuzu tapdıq və əvvəlcə birinci, sonra ikinci qolu vurduq. Nəticədə böyükhesablı qələbə qazandıq. “Qəbələ”yə uğurlar arzulayıram. Yaxşı və təşkilatlanmış komandadır.
– Öz oyununuzu necə qiymətləndirirsiniz?
– Öz oyunuma qiymət vermək istəmirəm. Qoy, bu qiyməti tamaşaçılar versinlər.
– Qollar vurdunuz…
– Bəli, qollar vurdum. Amma komanda yoldaşlarım olmasa, mən kiməm ki? Onlar hər şeyi etdilər, mənə sadəcə qolları vurmaq qaldı. Onlar olmadan mən heç kiməm! Ona görə də bundan sonra da çalışmaqda davam etməliyəm.
– Özünüzün ikinci, komandanızın isə dördüncü qolu gözəl alındı. Hətta baş məşqçi Valdas Dambrauskas da bu qolu xüsusi fərqləndirdi. Bu barədə nə deyə bilərsiniz?
– Məşqlərdə komanda yoldaşlarımla anlaşma üzərində işləyirik. Hər gün məşq edirik və bunun bəhrəsini meydanda görürük. Gözəl qol alındığı üçün sevinirəm. Bundan sonra da eyni qaydada davam edəcəyik. Bir daha qeyd edirəm ki, bu qələbə bütün komandanın əməyinin nəticəsidir. Mənim burada xüsusi xidmətim yoxdur.
– Belə gözəl oyundan sonra oktyabrın 20-də evdə Almaniyanın “Borussiya Dortmund” komandasına qarşı keçirəcəyiniz UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur matçında start heyətində yer alacağınızı gözləyirsiniz?
– Mənim işim çalışmaq və məşq etməkdir. Heç nə gözləmək istəmirəm. Start heyətində olub-olmayacağıma baş məşqçi qərar verir. Biz həmişə onun qərarına hörmətlə yanaşırıq. Ehtiyat oyunçular skamyasından meydana daxil olsam, komandama qələbə qazanmaq üçün kömək etməyə çalışacağam.
– Qarşıdakı oyunda nəyə ümid edirsiniz?
– Öz oyun üslubumuzdan imtina etməyəcəyik və öz futbolumuzu oynayacağıq. Aydındır ki, “Borussiya Dortmund” böyük komandadır. Bunu hamı bilir. O, dünya futbolunun nəhənglərindən biridir. Ancaq biz ilk növbədə öz oyunumuzu sərgiləyəcəyik. Bundan sonra isə meydanda nələrin baş verəcəyini görəcəyik.
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.