"Slaviya Praqa"da qalmaqal: Bombardir komandadan kənarlaşdıldı
Çexiya “Slaviya Praqa”sı futbolçusu Tomaş Xorını əsas komandadan kənarlaşdırıb.
Sportify.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yindrjix Trpişovski bu gün Türkiyədə “Fənərbağça”ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur matçından əvvəl mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 31 yaşlı hücumçu barədə intizam tədbiri İstanbul səfərindən sonra rəhbərlik tərəfindən görüləcək.
Təcrübəli forvard Çexiya çempionatının son turunda “Hradets Kralove” ilə qolsuz heç-heçə etdikləri matçın 55-ci dəqiqəsində hakimə qarşı təhqiramiz jest etdiyi üçün qırmızı vərəqə alıb. Bu, onun son iki mövsümdə aldığı dördüncü qırmızı vərəqədir.
Ötən mövsüm Çexiya çempionatının bombardiri olan hücumçu intizam problemlərinə görə klub rəhbərliyinin narazılığı ilə üzləşib.
Bu vəziyyətdə Moymir Xitil “Fənərbağça” ilə oyunda “Slaviya”nın əsas hücumçusu kimi meydana çıxa bilər. Onun sonrakı matçlarda da bu mövqedə qalması mümkündür.
Qeyd edək ki, “Fənərbağça” – “Slaviya Praqa” matçı Bakı vaxtı ilə saat 20:45-də başlanacaq. Çexiya təmsilçisi ötən tur Bakıda “Sabah”a məğlub olub – 0:2. Həmin görüşdə Tomaş Xorı 73-cü dəqiqəyədək meydanda olub və onu Moymir Xitil əvəzləyib.



No Comment! Be the first one.