“Araz-Naxçıvan”ın baş məşqçisi: Məqsədimiz bütün oyunlarda qələbə qazanmaqdır
“Bilirik ki, rəqiblərimiz də iddialıdır və növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar. Hansı komanda ilə qarşılaşacağımızdan asılı olmayaraq, sona qədər mübarizə aparacağıq. Məqsədimiz isə bütün oyunlarda qələbə qazanmaqdır”.
Sportify.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Fərid Ələkbərov UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək komandanın hazırlığı barədə azfutzal.az-a danışarkən deyib.
O, heyətdəki futzalçıların əksəriyyətinin yerlilərdən ibarət olduğunu söyləyib: “Son iki məşqimizi oyunun keçiriləcəyi “Prezero Arena”da keçirdik. Yaxşı hazırlaşmışıq, heyət üzvləri də yaxşı formadadır. Ən əsası, zədəli futzalçımız yoxdur. Komanda, demək olar ki, sırf yerli futzalçılardan qurulub. Yalnız bir legionerimiz var. Bu da öz uşaqlarımız üçün əla fürsət, yaxşı şansdır. Bu mərhələdə oynamaq, həyəcanı yaşamaq hər idmançıya qismət olmur”.
Baş məşqçi rəqiblərin iddialı olduğunu vurğulayaraq, xüsusilə meydan sahiblərinin üstünlüklərinə diqqət çəkib: “Polşa klubu neçə ildir uğur qazanmaq üçün heyət yığır. Həm də oyunlar onların doğma məkanında keçiriləcək. Azarkeş dəstəyi də öz xeyirlərinə olacaq. Digər rəqiblərimiz də turnirə yaxşı heyətlə qatılacaqlar”.
Qeyd edək ki, Fərid Ələkbərov UEFA Çempionlar Liqasında baş məşqçi kimi debüt edəcək. Artıq iki gündür Polşada olan “Araz-Naxçıvan” oktyabrın 27-də qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində mübarizəyə başlayacaq.



No Comment! Be the first one.