Könül Əliyeva: Bu uğuru davam etdirmək çox vacibdir
Azərbaycan cüdoçusu Könül Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
Sportify.az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Türkiyə təmsilçisi Merve Azaka qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Könül Əliyeva qarşılaşmada bir vazaari və iki yuko xalı qazanaraq üstünlüyünü təmin edib. Bununla da o, Azərbaycan qadın cüdoçuları arasında Dünya Cüdo Turunda qızıl medal qazanan ilk idmançı kimi tarixə düşüb.
Finaldan sonra təəssüratlarını bölüşən cüdoçumuz deyib:
“İlk dəfə çempion oldum. Bu, mənim ilk “Böyük Dəbilqə” tituludur və çox xoşbəxtəm. Növbəti yarışlarımda da qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəyəm.
Olimpiya təsnifatı baxımından bu uğuru davam etdirmək çox vacibdir. Olimpiya Oyunları üçün də yüksək reytinqli mövqedə qərarlaşmağı hədəfləyirəm”.

Qeyd edək ki, Könül Əliyevanın bu qələbəsi Azərbaycan qadın cüdosu üçün tarixi nailiyyətdir.



No Comment! Be the first one.