Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi son oyununa çıxıb.
Sportify.az-ın məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Əfqanıstan yığması ilə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksində təşkil olunmuş qarşılaşmanın əsas vaxtı heç-heçə iə yekunlaşıb – 3:3.
Reqlamentə əsasən, penaltilər seriyasına müraciət edilib. Bu bölümdə 2:3 hesabı ilə uduzan Azərbaycan millisi dünya çempionatını 84-cü pillədə başa vurub.
Qarşılaşmadan sonra AFFA-nın prezidenti Rövşən Nəcəf meydançaya daxil olaraq, yığma üzvlərinə təsəlli verib.
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl keçirdiyi görüşlərdə Çili (1:3), Vyetnam (2:4) yığmalarına uduzub, Cəbəllütariq (5:1) və Mozambik (4:1) millilərinə isə qalib gəlib.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Bu gün başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.



No Comment! Be the first one.