Kurban Berdiyev: Bu, tovuzlu azarkeşlər üçün bayramdır
“Qələbəyə görə çox sevincliyəm. Çox ağır oyun oldu. Qarşılaşmanın sonlarına yaxın bir qədər təşəbbüsü əldən verdik. Amma ümumilikdə qələbə qazandığımız üçün çox şadam”.
Sportify.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev evdə “Sabah”a 3:2 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra türkmənistanlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Azərbaycan çempionunun uzun müddətdir davam edən məğlubiyyətsizlik seriyasına bu qələbə ilə son qoydunuz. Sizcə, həlledici amil nə oldu?
– Fikrimcə, ilk növbədə, çempiona qarşı köklənmək. Futbolçular özlərini sübut etmək istəyirdilər. İkinci səbəb isə son dəqiqələri çıxmaqla, intizamlı oynamağımız.
– Kapitanınız Hayderson Hurtadoya oyun vaxtı yersiz sarı vərəqə aldığı üçün narazılığınızı bildirdiniz. Onu bağışlamaq olarmı?
– Həmin epizodda futbolçumuz topun rəqibin əlinə dəydiyini düşündü və penalti xahiş etdi. Lakin belə məqamlarda emosiyalara hakim olmaq lazım idi. Bu vərəqə ilə cəzalı duruma düşdü.
– Tovuzda son günlər əsl idman bayramı yaşanır. Qadın voleybolçulardan ibarət “Turan” komandasının beynəlxalq arenadakı çıxışını necə dəyərləndirirsiniz?
– Xorvatiya “Mladost”una qarşı Tovuzdakı ilk oyuna da baxmışdım, dünən isə səfər matçını izlədim və “Turan” üçün həyəcan keçirdim. Sevinirəm ki, Tovuz komandası qələbə qazandı. Arzu edirəm ki, Bolqarıstan təmsilçisi “Maritsa” ilə oyunda da uğurlu çıxış etsinlər və qalib gəlsinlər. Əlbəttə, bu, tovuzlu azarkeşlər üçün bayramdır. Biz də təbii ki, komandalarımıza dəstəyimizi davam etdirməliyik.



No Comment! Be the first one.