Azər Bağırov: Premyer Liqaya sözün əsl mənasında rəng qatacağıq
Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı” evdə “Neftçi”yə 2:3 hesabı ilə məğlub olub.
Sportify.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb^
– Əslində, maraqlı oyun alındı. Uşaqlar üçün çox böyük təcrübə oldu. Oyun gözlədiyimiz kimi, “Neftçi”nin təzyiqi ilə başladı. Amma uşaqlar bu təzyiqi aradan qaldıra bildilər. Bir neçə qol epizodumuz oldu. Xüsusilə də birinci hissədə yüzfaizlik qol imkanlarımız var idi. Əfsuslar olsun ki, həmin epizodları dəyərləndirə bilmədik və hesabda önə çıxa bilmədik. Mənə elə gəlir ki, daha güclü və daha hazırlıqlı olmalıyıq. Meydanda hər şeyə hazır olmalı, bütün təzyiqlərə sinə gərməliyik. “Neftçi” komandasını qələbə münasibətilə təbrik edirəm.
– Siz qeyd etdiniz ki, oyun “Neftçi”nin təzyiqi ilə başladı. Lakin “Neftçi”nin baş məşqçisi Yuri Vernidub, əksinə, sizin komandanızın daha sürətli başladığını bildirdi. Söhbət I hissənin ilk epizodlarından gedir. Həmin epizodda, sizcə, komandanızın qol vurmasına nə mane oldu? Orta xəttdəki çatışmazlıq buna təsir göstərdimi?
– Bilirsiniz, elə epizodlar var ki, nə qədər danışsan da, nə qədər rəng qatsan da, alınmayanda alınmır. Doğrudan da, Rui Paşeko və Oruc Məmmədovun yüzfaizlik qol epizodları oldu. Mənə elə gəlir ki, burada bəxtsizlik amili də rol oynadı. Bu gün məğlub olmalı idiksə, deməli, həmin qol epizodlarını dəyərləndirə bilməməyimiz də bunun bir hissəsi idi. Yenə deyirəm, daha güclü və daha hazırlıqlı olacağıq, bəsit qollar buraxmayacağıq və Premyer Liqaya sözün əsl mənasında rəng qatacağıq.



No Comment! Be the first one.