“Futbolçularım qələbə qazana bilmədiklərinə görə məyus olmalıdırlar”
İtaliya klubu “Fiorentina”nın baş məşqçisi Paolo Vanoli İtaliya çempionatının 11-ci turunda doğma meydanda “Yuventus”la 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edib.
Sportify.az xəbər verir ki, italiyalı mütəxəssis komandasının çıxışından razı qaldığını, lakin üç xal qazana bilməmələrinin məyusluq yaratdığını bildirib.
“Düşünürəm ki, güclü rəqibə qarşı əla oyun keçirdik. Azarkeşlərimizin gözləntilərini doğrultduq. Buna görə də hər üç xalı qazana bilməməyimiz bizi məyus etməlidir. Komandamızda gənc futbolçular var və onlara daha çox özünəinam verməliyik. Bu gün yaxşı oynadıq, amma qarşıda hələ çox işimiz olduğunu da bilirik.
Oyundan əvvəl heyətimizin cəsarətli seçim olduğu deyilirdi. Futbol oynamaq istəyiriksə, məsələ daha çox müdafiə və ya hücumameyilli futbolçulardan istifadə etməkdə deyil. Əsas odur ki, hamı əzmlə çalışsın və rəqibə təzyiq göstərsin. Düşünürəm ki, futbolçularım bu gün bunu bacardılar.
Futbolçularım qəzəbli olmalıdırlar. Gənc və təcrübəsiz olsalar belə, belə yaxşı oyun göstərib qalib gələ bilmədiklərinə görə məyusluq yaşamalıdırlar. Hamımız daha artığını gözləyirik” – deyə Vanoli DAZN-ə açıqlamasında bildirib.
Qeyd edək ki, 11 turdan sonra 9 xal toplayan “Fiorentina” İtaliya çempionatının turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.



No Comment! Be the first one.