Kurban Berdiyev: Mənim maliyyə imkanlarım yoxdur
“Aydındır ki, qələbəyə görə çox şadıq. Amma müdafiədə oynamaqla çox dözməyimiz lazım gəldi. Çünki rəqib çox güclü komandadır”.
Sportify.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev səfərdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– “Turan Tovuz” liderlərə bu mövsüm uduzmayıb. Demək olarmı ki, komandanız artıq yüksəlişə keçib?
– Birmənalı demək çətindir. Hər bir oyun ayrıca hazırlıqdır. Mən daha çox uşaqlara görə şadam ki, onlar liderlərə qarşı oynaya biləcəklərinə inandılar. Mənim üçün ən vacib məsələ budur. Bütün oyunlar fərqli şəkildə cərəyan edə bilərdi.
– Ötən mövsüm “Turan Tovuz”un kapitanı olmuş Faiq Hacıyev bir müddət əvvəl Sportify.az-a müsahibəsində bildirib ki, oynamamağa davam etsə, klubunu dəyişmək barədə düşünə bilər. Onun komandadakı gələcəyini necə görürsünüz?
– Bu sual oyunla bağlı deyil, amma cavab verəcəyəm. Faiq digər oyunçular kimi, komandamızın bir üzvüdür. Hər kəs öz şansını gözləyir. O, çox yaxşı məşq edir. Amma onun mövqeyində yaxşı təsir bağışlayan Enrike Silva oynayır.
– Komandanızın çempionluq uğrunda mübarizə aparması üçün hansısa mövqeyə transferə ehtiyac varmı?
– Bu sual mənə yox, klub rəhbərinə verilməlidir. Mənim maliyyə imkanlarım yoxdur.
Bahar RÜSTƏM



No Comment! Be the first one.