Musa Qurbanlı: Hədəfimiz çempionluqdur – MÜSAHİBƏ
“Qarabağ”ın futbolçusu Musa Qurbanlının evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XI tur matçından sonra Sportify.az-a müsahibəsi
– Çempionatda ilk məğlubiyyətlə bağlı fikirləriniz nələrdir?
– Əlbəttə, təəssüflənirik. Asan olmayacağını bilirdik. Məqsədimiz isə qələbə qazanmaq idi. “Turan Tovuz” son zamanlar yaxşı formadadır və turnir cədvəlinin ilk pillələrində qərarlaşan komandaların demək olar ki, hamısına qalib gəlmişdi. Qələbə qazanacağımıza inanırdıq, amma bu, alınmadı.
– Komandanın nəticəsi, həmçinin “Kəpəz”i də liqadakı mübarizəyə qoşdu. Bu, komandanızın işini nə qədər çətinləşdirdi?
– İşimiz əvvəldən asan deyildi. Çempionatın çətin olacağı bəlli idi və çempionluq uğrunda mübarizə aparan komandaların sayı artıb. Lakin çalışacağıq ki, vəziyyətdən çıxaq.
– Komanda olaraq, artıq üç oyundur qol vura bilmirsiniz. Sizcə, bunun səbəbi nədir?
– Düşünürəm ki, çatışmazlıqlarımız var və buna görə qol vura bilmirik. Yəqin ki, məşqçilərimiz bunu analiz edəcək və növbəti oyunlarda qol vurmağa çalışacağıq.
– Son dövrlərdə heyətdə daha az forma geyinmək şansı qazanırsınız. Komandadan ayrılmağı düşünürsünüz, yoxsa hələ də davam edəcəksiniz?
– Hələ mövsümün 1/3 hissəsi indi bitir. Ona görə də bu barədə düşünməyə dəyməz. Çalışıram ki, öz üzərimdə işləyim və oyunlarda maksimum nəticə göstərə bilim.
– Mövsümün sonuna qədər əsas hədəfiniz nədir?
– Əlbəttə, hədəfimiz çempionluqdur. Amma bu xal itkiləri ilə işimizi bir qədər çətinləşdirmişik. Yenə də sona qədər mübarizə aparacağıq.
– Növbəti oyununuz “Kəpəz”ə qarşı olacaq. Qarşılaşma ilə bağlı fikirləriniz və gözləntiləriniz nələrdir?
– Təbii ki, gözləntimiz qələbədir. Nə qədər çətin vəziyyətə düşsək, xal itkiləri yaşasaq da, növbəti oyuna qələbə qazanmaq üçün çıxırıq. Ola bilər ki, müəyyən çatışmazlıqlarımız var, amma bunları aradan qaldırmaq üçün əlimizdən gələni edirik. Bundan sonra edəcəyimiz əsas şey səhvlərimizdən nəticə çıxarmaq və növbəti oyunlarda maksimum nəticə göstərməkdir.
Bahar RÜSTƏM, Fəqan TEYMUROĞLU



No Comment! Be the first one.