Qustavo Almora: Geridönüşü tamamlamağı bacardığımız üçün çox şadam
“Çox ağır oyun oldu. Geridönüşü tamamlamağı bacardığımız üçün çox şadam. Komanda heyətinə və məşqçilərimizə təşəkkür edirəm. Həqiqətən də yaxşı oyun keçirdik”.
Sportify.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət “Xilasedici” komandasının üzvü Qustavo Almora CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlmələrini yarışın rəsmi saytına şərh edərkən deyib.
Kubalı legioner “Sportinq”lə Portuqaliyadakı II təsnifat mərhələsinin cavab qarşılaşmasının çətin keçdiyini bildirib: “Sportinq”i də təbrik edirəm. Onlar da yaxşı mübarizə apardılar”.
Portuqaliya klubunun baş məşqçisi Joau Koelyo isə azarkeşlərinin dəstəyindən məhrum qalmalarının məyusluğunu yaşadıqlarını deyib: “Azarkeşlərimizin dəstəyi olmadan mübarizəni dayandırmaq çox çətindir. Hər iki oyun ağır və kifayət qədər gərgin keçdi. Daha artığını istəyirdik, amma rəqibin də haqqını verməliyik. Onlar servis zərbələrində çox yaxşı çıxış etdilər və bu matç boyunca yüksək səviyyə nümayiş etdirdilər”.
Qeyd edək ki, Lissabonda keçirilən cavab görüşündə “Xilasedici” “Sportinq”ə 3:2 hesabı ilə qalib gəlib. İlk qarşılaşmanın nəticəsini kompensasiya etmək üçün Azərbaycan təmsilçisi qızıl setdə də üstün olmalı idi. Bakı klubu bu sınaqdan da uğurla çıxaraq 15:13 hesabı ilə qələbə qazanıb və növbəti mərhələyə vəsiqəni təmin edib.
Görüşə daha yaxşı başlayan “Sportinq” ilk seti 25:21 hesabı ilə qazanıb. İkinci hissədə “Xilasedici” 25:18 hesablı qələbə ilə tarazlığı bərpa etsə də, Portuqaliya təmsilçisi üçüncü setdə 25:22 hesabı ilə yenidən önə keçib.
Bakı klubu dördüncü setdə 25:21 hesabı ilə qalib gələrək qarşılaşmanı qızıl setə daşıyıb. Həlledici hissədə də rəqibindən üstün olan komandamız 15:13 hesabı ilə qalib gəlib.
“Sportinq”in heyətində Xorxe Alayo Moliner 31 xalla görüşün ən məhsuldar oyunçusu olub. “Xilasedici”də isə Qustavo Almora 22, Luis Enrike Reyes 20 xal toplayıb. Almora matçın ən dəyərli oyunçusu (MVP) seçilib.
Azərbaycan çempionunun növbəti rəqibi Sloveniyanın “ACH Volley Lyublyana” komandası olacaq.


No Comment! Be the first one.