Boksçu 31 yaşında baş zərbələrindən öldü
İrlandiyalı boksçu Li Rivz 31 yaşında dünyasını dəyişib.
Sportify.az “The Ring” nəşrinə istinadən xəbər verir ki, idmançı həmyerlisi Qeri Kalli ilə döyüş zamanı aldığı ağır kəllə-beyin travmasından sonra vəfat edib.
Avqustun 1-də Dublində keçirilən qarşılaşmanın 10-cu raundunda Rivz iki dəfə nokdauna düşüb, daha sonra huşunu itirib. O, xərəkdə rinqdən çıxarılaraq xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub.
Boksçu üç ay ərzində süni komada qalıb. Oktyabrda Dublindəki xəstəxanadan doğma şəhəri Limerikdəki tibb müəssisəsinə köçürülüb. Son günlərdə onda yaranan infeksiya vəziyyətini daha da ağırlaşdırıb. Rivz noyabrın 16-da vəfat edib.
Qeyd edək ki, peşəkar karyerası ərzində 18 döyüş keçirən Li Rivz 16 qələbə qazanıb (11-i nokautla), 2 dəfə məğlub olub. Peşəkar boksa keçməzdən əvvəl isə o, İrlandiyanın həvəskarlar arasında beşqat çempionu olub.



No Comment! Be the first one.