Qran Pri: Kənan Nəsibov qızıl medal qazandı - YENİLƏNDİ
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran Pri turnirinə yekun vurulub.
Sportify.az xəbər verir ki, turnirin sonuncu günündə Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulub.
90 kq çəki dərəcəsində Vüqar Talıbov macarıstanlı Peter Şafrani ilə dueldən məğlub ayrılıb.
100 kq-da Əjdər Bağırov Niderland təmsilçisi Mixael Korel ilə qarşılaşıb və qalib gələrək adını 1/8 finala yazdırıb. Amma bu dəfə isveçrəli Daniel Exə uduzaraq mübarizəni başa vurub.
100 kq-dan yuxarı çəkidə mübarizə aparan Uşangi Kokauri ilk görüşündə serbiyalı İqor Vraçarı məğlub edərək 1/4 finala yüksəlib. Ardınca qazaxıstanlı Yerassil Kajibayevdən üstün olan Kokauri yarımfinala çıxıb. Finala gedən yolda almaniyalı Losseni Kone ilə bacarmayan Azərbaycan təmsilçisi bürünc medal görüşündə ukraynalı Yevgeni Balyevski ilə üz-üzə gələcəkdi. Lakin yarımfinalda dizindən zədələnib. Tibbi heyət və məşqçilər korpusunun qərarına əsasən bürünc medal görüşünə çıxmayıb.

Eyni çəki dərəcəsəində Kənan Nəsibov isə 1/8 finalda qazaxıstanlı Jantilek Nurtilepulidən üstün olaraq mərhələ adlayıb. Daha sonra fransalı Tieman Diabini məğlub edən Azərbaycan təmsilçisi yarımfinala yüksəlib. Burada gürcüstanlı Saba İnaneişviliyə qalib gələn Nəsibov adını finala yazdırıb. Həlledici qarşılaşmada almaniyalı Losseni Koneni məğlub edən Nəsibov qızıl medal qazanıb.
Qadınların mübarizəsində 78 kq-dan yuxarı çəkidə çıxış edən Mədinə Kaysinova ilk görüşündə polşalı Kinqa Volçaka uduzub.
Beləliklə, Azərbaycan millisi Qran Prini 1 qızıl, 1 bürünc medalla başa vurub. Daha əvvəl 52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva bürünc medala sahib olub. Bu nəticə ilə Azərbaycan ümumi sıralamada 28 ölkə arasında 8-ci yeri tutub.



No Comment! Be the first one.