Ayxan Abbasov: Emin üçün oynayacağıq
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov noyabrın 16-da səfərdə Andorraya qarşı keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, 45 yaşlı mütəxəssis sualları cavablandırıb:
– Emin Mahmudovun milli komandadan ayrılması ilə bağlı fikirləriniz necədir?
– İlk növbədə, Eminə gələcək həyatında uğurlar arzulayıram. Milli komandada çox futbolçu oynayır, amma burada iz qoyub getmək çox çətindir. Emin bizim milli komandada iz qoyub gedən futbolçulardandır. Çünki yığmanın bir çox qələbəsində Eminin rolu və qolu olub. Bir baş məşqçi olaraq onunla işləmək mənim üçün çox xoş oldu. Klubda birlikdə çalışmamışdıq, amma millidə işləmək imkanımız yarandı. Burada qalibiyyətlərimiz, məğlubiyyətlərimiz oldu. Emin komandamızın kapitanı idi. Mənim üçün də çox xoş oldu. Ona uğurlar arzulayıram. Emin hələ futbolçu karyerasını bitirməyib. Yəqin ki, öz klubunda, öz azarkeşləri qarşısında vida matçı keçirər. Bu, onun milli komandadakı vida oyunudur. Andorra ilə Millətlər Liqasının qrup oyunundan sonra belə bir qərar verildi. Sabah isə Emin üçün oynayacağıq.
– Andorra ilə yoldaşlıq görüşü barədə nə düşünürsünüz?
– Bu, ilin son oyunudur. Lixtenşteynlə stresli qarşılaşmadan sonra yoldaşlıq görüşünə çıxacağıq. Andorra yığması son illərin həqiqətən də inkişaf edən komandalarındandır. 16 ildir eyni baş məşqçinin rəhbərliyi altında çıxış edən və dəst-xəttə malik yığmadır. Sabah meydana rotasiyalı heyətlə çıxacağıq. Gətirdiyimiz futbolçuların hər birinə şans vermək, ən önəmlisi, gəncləri qazanmaq istəyirik. Gözəl bilirik ki, heyətimiz geniş deyil, say azdır. Gəncləri milliyə qazandırmaq üçün ən yaxşı vaxtdır. Hansısa oyunda o yükü öz üzərlərinə götürməlidirlər. Məncə, sabah o oyunlardan biri olacaq. İlin son oyununda qalib gəlmək, 2026-cı ili yaxşı notlarla başa vurmaq istəyirik. Eminin son matçıdır. Yorğunluq olsa, bunların hamısı ikinci plana keçəcək və sabah maksimumu əldə etməyə çalışacağıq.
– Hər oyundan əvvəl baş məşqçilər futbolçulara təlimatlar verir, start heyətini müəyyənləşdirir, standart vəziyyətləri məşq etdirirlər. Maraqlıdır, sabah penalti zərbəsini Emin Mahmudova tapşıracaqsınız?
– Emin oynayanda, yəni əsas heyətdə meydana çıxanda, birinci penalti vuranımız o idi. Ondan sonra Toral Bayramov gəlirdi. Əlbəttə, Emin meydandadırsa, penaltini o yerinə yetirəcək.
– Lixtenşteynlə oyun günü məlum oldu ki, Anton Krivotsyuk çənəsindən problem yaşayıb və “23-lük”dən kənarda qalıb. İndi vəziyyəti necədir, problem nədən ibarət idi və nə dərəcədə ciddidir?
– Bir qədər soyuqdəyməsi var. Dişi ilə bağlı milli komandaya gəlməzdən əvvəl müalicə almışdı. Təəssüf ki, onda bir qədər soyuqdəymə oldu və vəziyyəti yaxşı deyil. Risk edə bilərdik. Həkimlər bunu məsləhət görmədilər. Sabah da bizimlə olmayacaq. Son oyununda isinmə zamanı bir qədər dizində ağrı hiss edən qapıçı Aydın Bayramovun oynamama ehtimalı da var. Digər oyunçularımız hazırdır.
– Sabah heyətdə dəyişikliklər, rotasiyalar gözlənilir?
– Hamı debüt edəcək.



No Comment! Be the first one.