Emin Mahmudov: Çox gözləmək istəmədim
Azərbaycan millisinin kapitanı Emin Mahmudov noyabrın 16-da səfərdə Andorraya qarşı keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi əvvəlcə yığmadakı son oyunu barədə danışıb:
– Əslində, bu oyun mənim üçün bir qədər həyəcanlı olacaq. Çünki millidə sonuncu oyunumu keçirəcəyəm. Amma yenə də həmişə dediyim kimi, hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Bizim üçün yaxşı oyun göstərmək və qalib gəlmək çox vacibdir. Sonuncu oyunumda da çalışacağam ki, yaxşı çıxış edim və yaddaşlarda xoş iz buraxım.
– Millinin forması ilə ilk mətbuat konfransını xatırlayırsınız?
– Açığı, xatırlamıram. Çünki bir ara demək olar ki, hər mətbuat konfransına mən gəlirdim (gülür – red.). Ona görə də hansının birinci olduğunu dəqiq xatırlamıram.
– Yığmanın yarımmüdafiəçisi olsanız da, qol vurmaq baxımından da seçilmisiniz və millinin bombardirisiniz. Bəs milli komandadakı karyeranızda ən yaddaqalan qolun hansıdır?
– Ən yaddaqalanı İsveçlə oyunda uzaqdan vurduğum qoldur. İrlandiya ilə matçdakı qolu da xatırlayıram. Çünki möhtəşəm stadionda vurulmuşdu. Lüksemburqla oyundakı cərimə zərbəsindən qolumu da xatırlayıram.
– Sanki bu qərar bir qədər tələsik verildi. Bir çox futbol azarkeşi millinin bombardirinin məhz Bakıda keçiriləcək oyunda yola salınmasını istərdi…
– Yenə təşəkkür edirəm. Amma bilirsiniz, milli komandada növbəti oyunun nə vaxt olacağını bilmirik. Ona görə də çox gözləmək istəmirdim. Bu qərarı verməzdən əvvəl yaxşı düşündüm, ailəmlə, dostlarımla və baş məşqçimiz Ayxan Abbasovla danışdım. Qərara gəldim ki, indi bitirmək daha yaxşıdır, nəinki gözləmək. Bilmirəm, növbəti oyunun nə vaxt Bakıda olacağı bəlli deyil. Ona görə də çox gözləmək istəmədim.
– Bəs ümumiyyətlə, futbolçu karyeranızı da başa vurmaq ehtimalınız nə qədərdir?
– Təxmini deyə bilmərəm. Əsas məqsədim indi millidən sonra “Neftçi” ilə çempion olmaqdır. Bunun üçün çalışacaq, vuruşacağıq. Hazırda əsas məqsədimiz çempionluqdur.
– Sabah fürsət düşsə, 17-ci qolunu vurmaq ağlınızdan keçibmi?
– Əslində, hər oyunda qol vurmaq fikrim olur. Bunun üçün həmişə çalışıram. Hər gün məşqlərdən sonra da bəzən əlavə qalıram. Əlbəttə, hər dəfə qol vurmaq istəyirəm. Amma ilk növbədə, həmişə komandanın qələbəsini düşünmüşəm.



No Comment! Be the first one.