“Sabah”a qarşı het-trik edən futbolçu komandasından ayrıldı
İngiltərə təmsilçisi “Mançester Yunayted”in 16 yaşlı istedadı JJ Qabriel klubdan ayrıldığını açıqlayıb.
Sportify.az xəbər verir ki, futbolçu bu barədə şəxsi “Instagram” hesabında paylaşdığı video vasitəsilə məlumat verib.
Qabriel 2020-ci ildə, 10 yaşında qoşulduğu Mançester təmsilçisi ilə vidalaşıb. O, paylaşımında klubda keçirdiyi illərin həm futbolçu, həm də şəxsiyyət kimi inkişafında mühüm rol oynadığını vurğulayıb.
“Əziz “Mançester Yunayted”, 2020-ci ildə böyük arzuları olan 10 yaşlı bir oğlan kimi bura gəlmişdim. Burada həm oyunçu, həm də insan kimi böyüdüm. “Old Trafford”da qol vurmaqdan tutmuş Cimmi Merfi mükafatını qazanmağa qədər mənə heç vaxt unutmayacağım anlar yaşatdın.
Mənə inanan, inkişafıma kömək edən bütün məşqçilərə, klub əməkdaşlarına, komanda yoldaşlarıma və dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni mərhələyə qədəm qoyarkən bildirmək istəyirəm ki, “Mançester Yunayted” hər zaman hekayəmin bir parçası olaraq qalacaq. Hər şey üçün təşəkkürlər”, – deyə futbolçu bildirib..
Məlumata görə, “Real Madrid” bir müddətdir gənc hücumçunun transferi ilə yaxından maraqlanır. İspaniya klubu onun əsas komandaya yüksəlməsi üçün sürətli inkişaf planı hazırlayıb. Qabriel valideynləri vasitəsilə Avropa pasportu almaq hüququna malikdir. Bu isə ona növbəti transfer pəncərəsində xarici kluba keçmək imkanı verə bilər.
Gənc futbolçunun “Real Madrid”ə keçəcəyi təqdirdə İngiltərə klubu yalnız yetişdirmə və məşq kompensasiyası olaraq 1 milyon funt sterlinqdən az məbləğ əldə edə bilər.
Qeyd edək ki, Qabriel “Mançester Yunayted”in əsas komandasında debüt etməyib. Buna baxmayaraq, ötən mövsüm klubun ən yaxşı gənc futbolçusuna verilən Cimmi Merfi mükafatını qazanan ən gənc oyunçu kimi tarixə düşüb. O, “Old Trafford”dan ayrılmaq istəyini bildirməzdən əvvəl UEFA Gənclər Liqasında “Sabah”a qarşı het-trik edib.



No Comment! Be the first one.