Nihad Əhmədzadə: Qırmızı vərəqə hər şeyi pozdu
“10 nəfərlə qaldıqdan sonra bu rəqibə qarşı mübarizə aparmaq çox çətin idi”.
Bu sözləri “Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadə “Sabah”a 1:5 hesabı ilə məğlub olduqları matçdan sonra Sportify.az-a açıqlamasında deyib.
20 yaşlı cinah yarımmüdafiəçisi matçı belə dəyərləndirib:
“Əslində, oyuna pis başlamadıq. İlk qolu da biz vurduq. Amma hesab bərabərləşdikdən sonra qırmızı vərəqə hər şeyi pozdu. Azlıqda qaldıqdan dərhal sonra qol buraxdıq. İkinci hissədə də ardıcıl qollar buraxaraq məğlub olduq”.
Əhmədzadənin fikrincə, Lukas Blekə ikinci sarı vərəqəni göstərməmək də olardı: “Qırmızı vərəqə epizoduna hələ baxmamışam. Ona görə də bu barədə fikir bildirmək istəmirəm. Epizoda təkrar baxmaq lazımdır. Amma məncə, ikinci sarı vərəqəni verməmək olardı”.
O, məğlubiyyətin səbəblərindən danışarkən azlıqda qalmalarının oyunun gedişinə ciddi təsir etdiyini bildirib:
“Beş qol buraxmaq, əlbəttə, çox ağır məğlubiyyətdir. Özüm də buna görə pis oluram. Amma neyləmək olar? 10 nəfərlə qaldıqdan sonra “Sabah”a qarşı mübarizə aparmaq çox çətin idi. Heyətdə problemlər, zədəlilər də var. Qarşıda bizi “Qarabağ”la çətin səfər oyunu gözləyir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Nihad Əhmədzadə “Sabah”la matçda start heyətdə yer alıb və sonadək meydanda qalıb.



No Comment! Be the first one.