“Orhus” “Sabah” azarkeşlərindən UEFA-ya şikayət etdi
Danimarkanın “Orhus” klubu Masazırda “Sabah”la oyun öncəsi azarkeşlərinin hücuma məruz qalması ilə bağlı UEFA-nı məlumatlandırıb.
Sportify.az xəbər verir ki, bu barədə klubun direktoru Yakob Nilsen danışıb.
“Orhus” Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah”a 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Lakin danimarkalıların qarşılaşmadan bir neçə saat əvvəl yaşadığı insident də klub rəhbərliyinin diqqətindədir.
“Baş verənlərlə bağlı oyundan əvvəl UEFA-ya məlumat verdik. Həmçinin insidentlə əlaqədar UEFA nümayəndəsi ilə söhbət apardıq. Hazırda məlumat və faktları toplayırıq. Aydındır ki, bu, azarkeşlərimiz üçün mənfi təcrübə oldu”, – deyə Yakob Nilsen bildirib.
O, xoşbəxtlikdən bütün azarkeşlərin stadiona daxil olaraq qarşılaşmanı izlədiyini qeyd edib: “Mən bu hadisəyə cəlb olunan bütün azarkeşlərimizlə danışdım və onlar üçün bu, xoşagəlməz təcrübə olub”.
Nilsen təhlükəsizlik məsələsi ilə bağlı oyundan bir gün əvvəl də xəbərdarlıq etdiklərini söyləyib: “Bazar ertəsi bildirmişdik ki, azarkeşlərimiz stadiona hamı ilə eyni girişdən daxil olmalı olacaqlar. Biz buna öyrəşməmişik. Adətən qonaq komandanın azarkeşləri digər tərəfdarlardan ayrılırlar”.
Klub direktoru UEFA qaydalarında da qonaq azarkeşlərin digər tamaşaçılardan ayrılmasının nəzərdə tutulduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qarşılaşmada danimarkalı azarkeşlərlə digər tamaşaçılar arasında yalnız bir neçə əməkdaş canlı baryer rolunu oynayıb.
Nilsen məsələ ilə bağlı daha sərt açıqlama verməkdən çəkinib: “Burada dayanıb bu barədə danışmaq və sonra müxtəlif başlıqların yaranmasını istəmirəm. Deyə bilərəm ki, bu məsələ ilə bağlı “Sabah” və UEFA ilə dialoq aparırıq”.
Xatırladaq ki, oyundan təxminən iki saat əvvəl 40-50 nəfərlik qara geyimli “Sabah” azarkeş qrupunun stadion qarşısında mikroavtobuslardan düşən AGF tərəfdarlarına hücum etdiyi iddia olunur. Danimarka mətbuatının yazdığına görə, həmin vaxt təhlükəsizlik əməkdaşlarının böyük hissəsi stadionun digər tərəfində olub.



No Comment! Be the first one.