Qurban Qurbanov: Lazım olsa, Elvini yenə göndərərik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”ə qarşı 2:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, Qurbanov futbolçuları təbrik etdiyini və matçın gərgin keçdiyini bildirib:
“Futbolçuları təbrik edirəm. Çox gərgin oyun keçdi. Bəzi dəqiqələri çıxmaq şərtilə, futbolçular oyunun içində oldular. Stadionda əla atmosfer var idi.
“Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir. Bilirəm ki, Azərbaycanda bu klubun azarkeşləri çoxdur. Biz özümüz də uşaq vaxtı Kiyev təmsilçisinə azarkeşlik edirdik. İlk oyundan fərqli olaraq, topla yaxşı oynayırdıq, rəqibi topsuz qoyurduq. Mənim tərəfimdən dəyişikliklər var idi. Desəm ki, oyundan tam razı idim, yalan olar. Lakin hər oyunun öz önəmi var. Qələbə hər zaman fərqli hisslər yaradır”.
Baş məşqçi ehtiyatda qalan qapıçı Mateuş Koxalski barədə də danışıb:
“Bəzən futbolçulara istirahət vermək lazımdır. Onun performansından razıyıq. Koxalskinin ayrılacağı ilə bağlı yayılan xəbərlər doğru deyil. Martin Zlomisliçdən də razıyam. Təcrübəli qapıçıdır. Dünya çempionatında meydana çıxmasa belə, həmin ab-havanı görüb”.
Qurbanov “Qarabağ”ın pley-off mərhələsində qarşılaşacağı Niderlandın “Tvente” komandası ilə bağlı da fikirlərini bildirib:
“Onların Slovakiya təmsilçisi ilə ilk matçlarına baxmışam. Qolları əsl Niderland futboluna uyğun vururdular. Yadınızdadırsa, biz ilk dəfə bu rəqibi üstələyərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdıq”.
Mütəxəssis “Sabah” və “Qarabağ”ın eyni vaxtda ev oyunları keçirməsinin stadionun meydançasına təsiri ilə bağlı sualı da cavablandırıb.
“Bu gün də meydança narahat edir. Şükürlər olsun ki, hələ belə saxlayıblar. Əvvəllər daha pis durumda olurdu. Komandalarla da, stadionla da dil tapacağıq. Təki belə problemlərimiz olsun”, – deyə Qurbanov bildirib.
Baş məşqçi “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin məşq şəraiti ilə bağlı söylədiyi fikirlərə isə zarafatla münasibət bildirib:
“Elvin Cəfərquliyev deyib ki, beton üzərində məşq edirdim. Elvindir də, danışır”, – deyə Qurbanov gülərək qeyd edib.
O, daha sonra əlavə edib:
“Yəqin ki, bu cür arenaları gördükdən sonra həmin stadionlar ona qəribə gəlib. Lazım olsa, yenidən orada oynamağa göndərərik”.
Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən “Dinamo Kiyev”i mübarizədən kənarlaşdıraraq UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.



No Comment! Be the first one.