Umudov milliyə uğurlar arzuladı
20-27 avqust tarixlərində Kosovonun Priştina şəhərində ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Avropa birinciliyi keçiriləcək.
Sportify.az xəbər verir ki, Azərbaycan yarışda 11 atletlə təmsil olunacaq. Qitə birinciliyinə yollanacaq komandanın üzvləri ilə görüşən AAF-ın vitse-prezidenti Firdovsi Umudov idmançılara qarşıdakı məsul yarışda uğurlar arzulayıb.
Firdovsi Umudov atletlərdən layiqli mübarizə gözlədiyini bildirib. O, ölkə rəhbərliyi tərəfindən idmanın, xüsusilə də yeniyetmə idmançıların inkişafına xüsusi diqqət göstərildiyini vurğulayıb.
Qeyd olunub ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyası tərəfindən komandanın yarışa hazırlığı üçün bütün zəruri şərait yaradılıb. Atletlər qarşısında əsas məqsəd Avropa birinciliyində Azərbaycanı layiqincə təmsil etməkdir.
AAF vitse-prezidenti komanda daxilində nizam-intizam qaydalarına ciddi əməl edilməsinin vacibliyini də diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan yığması bu baxımdan digər kollektivlərə nümunə olmalıdır.
Avropa birinciliyində Azərbaycanın heyətində 3 qız və 8 oğlan atlet çıxış edəcək.
Qızların yarışında Şəbnəm Həsənzadə (49 kq), Nuray Əbilova (49 kq) və Hənifə Məhərrəmli (61 kq) körpücük üzərinə çıxacaqlar.
Oğlanların mübarizəsində isə Məhəmməd Rüstəmli (55 kq), İsa Hüseynov (60 kq), Musab Məmmədtağıyev (70 kq), Kamran Xappayev (70 kq), Lətif Əliyev (75 kq), Əbdulhüseyn Hüseynov (75 kq), Fəxrəddin Allahverdiyev (85 kq) və Elcan Əliyev (85 kq) qüvvələrini sınayacaqlar.
Azərbaycan komandasını yarışa baş məşqçi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramov hazırlayıb.
Bundan əlavə, Kosovoda keçiriləcək yarışda Azərbaycanı hakimlər Kənan Mustafayev və Səbinə Rzayeva da təmsil edəcəklər.




No Comment! Be the first one.