Kandido: Buraxdığımız qol komandamızın özünəinamını itirdi
“Rəqibi və öz oyunçularımı təbrik edirəm. Komandam geridönüş üçün əlindən gələni əsirgəmirdi. Künc zərbəsindən qoĺ buraxanadək rəqib qapımız qarşısında o qədər də təhlükəli vəziyyət yarada bilmirdi. Onların vurduğu qol komandamda özünəinamı itirdi. Reaksiya vermək istəsək də, son nöqtəni qoya bilmirdik.
Sportify.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido evdə “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının I tur matçından sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssisin sözlərinə görə, ikinci hissədə dəyişiklik edərək, meydançaya Aleksa Yankoviçi buraxıblar. Lakin “Neftçi” əks hücuma çıxaraq qol vurub: “Hesab 1:3 olduqdan sonra öz günahımızdan bir futbolçumuzu itirdik, qırmızı vərəqə ilə azlıqda qaldıq”.
Bununla belə, Kandido pozitivliyini qoruduğunu bildirib: “Hələ “Neftçi” ilə 2 oyunumuz olacaq. Çempionat isə yeni başlayıb. Heyətimizin kasadlığı nəticəyə təsir edir. Amma bunu bəhanə etmək üçün buraya gəlməmişəm. Heyətimizə yenə gələnlər olacaq və komplektləşəcəyik. “Neftçi” ilk rəsmi matçına çıxanda biz təlim-məşq toplanışına yeni başlamışdıq. Tiaqo Almeyda bizimlə cəmi 2 məşq keçirib. Gələcəkdə daha yaxşı vəziyyətdə olacağıq”.
Baş məşqçi zaman haqqında danışmağı xoşlamadığını dilə gətirib: “Əlimizdəki oyunçularla işləyən baş məşqçiyəm. Növbəti turda “Sabah”la oyunumuz yəqin ki, təxirə salınacaq. Ona görə də hazırlıq üçün vaxtımız olacaq”.
Kandido qırmızı vərəqə alan kapitan Səbuhi Abdullazadəni müdafiə edib: “O da belə olmasını istəməzdi. Düzdür, komandamız azlıqda qaldığına görə oyundan qopduq. Amma Səbuhi bizim üçün önəmli futbolçudur və üç kapitanımızdan biridir”.



No Comment! Be the first one.