Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevdən yazdı
Beynəlxalq Cüdo Federasiyası (IJF) Azərbaycan paracüdoçusu İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib.
Sportify.az-ın məlumatına görə, bu barədə Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatının yekunları ilə bağlı yayımlanan məqalədə bildirilir.
Yazıda qeyd olunur ki, çempionatın ikinci günündən yadda qalan ən diqqətçəkən məqamlardan biri İlham Zəkiyevin yenidən böyük beynəlxalq turnirin podiumunun ən yüksək pilləsində dayanması olub.
Azərbaycanlı paracüdo əfsanəsi J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb. Final qarşılaşmasında İspaniyanı təmsil edən Rodrigo Suarez Garrosaya qalib gələn İlham Zəkiyev növbəti qitə çempionluğunu rəsmiləşdirib.
IJF Zəkiyevin uzunmüddətli uğurlu karyerasını da xüsusi vurğulayıb. Qeyd edilib ki, təcrübəli idmançı ilk dəfə 2004-cü il Afina Yay Paralimpiya Oyunlarında çempion olub və dörd il sonra Pekində titulunu qoruyub. Daha sonra London, Tokio və Paris Paralimpiya Oyunlarında üç bürünc medal qazanan paracüdoçumuz üçqat dünya çempionudur.
Məqalədə Zəkiyevin 20 ildən artıqdır paracüdoda dünyanın ən güclü idmançıları arasında mübarizə apardığı diqqətə çatdırılıb. İlk Paralimpiya çempionluğundan 22 il sonra onun hələ də mübarizə aparması, qalib gəlməsi və Avropa çempionu olması xüsusi vurğulanıb.
IJF Zəkiyevin qələbəsini Heydelberqdə keçirilən çempionatın əsas simvolik məqamlarından biri kimi qiymətləndirib. Məqalədə bildirilib ki, yarışda paracüdoçuların bir neçə nəsli bir araya gəlib: karyerası 20 ildən çox davam edən təcrübəli idmançılar, artıq öz dövrlərinin ən güclü çempionları olan paracüdoçular və gələcək Paralimpiya tsiklinin əsas simalarına çevrilməyə çalışan gənc idmançılar.
Qeyd edək ki, İlham Zəkiyev 2026-cı il paracüdo üzrə Avropa çempionatında növbəti tarixi uğuruna imza ataraq 10-cu dəfə qitə çempionu titulunu qazanıb.



No Comment! Be the first one.