“Qarabağ” azarkeşləri "Tvente" ilə oyuna axın edir
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Tvente” ilə qarşılaşacaq “Qarabağ”ı Niderlandda xeyli azarkeş dəstəkləyəcək.
Sportify.az xəbər verir ki, “Qarabağ” tərəfdarları üçün ayrılmış qonaq sektoruna 500-dən çox bilet satılıb.
Bununla belə, Enshede bələdiyyəsi qarşılaşma ilə bağlı əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac olmadığını açıqlayıb.
Həmçinin “Qarabağ” azarkeşləri üçün ayrıca fan-zona yaradılmayacaq. Əvvəllər “Ferentsvaroş” tərəfdarlarının istifadəsinə verilən Laadperron ərazisi də bu dəfə azarkeşlər üçün ayrılmayacaq.
“Qarabağ”ın 500-dən çox azarkeşinin hamısı Azərbaycandan Niderlanda yollanmayıb. “Tvente”nin səfər edən klubdan aldığı məlumata əsasən, onların böyük hissəsi artıq müxtəlif Avropa ölkələrində yaşayan azərbaycanlılardır.
“Tvente” – “Qarabağ” oyunu avqustun 20-də Enshededəki “De Qrolş Veste” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Niderland təmsilçisi pley-off mərhələsinə Slovakiyanın “DAC 1904” klubunu mübarizədən kənarlaşdıraraq yüksəlib. “Tvente” ilk oyunda rəqibini 6:0 hesabı ilə məğlub edib, səfərdə isə 3:3 hesablı heç-heçə edib. “Qarabağ” isə əvvəlki mərhələdə Ukraynanın “Dinamo Kiyev” klubunu mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, “Tvente” və “Qarabağ” Avropa arenasında daha əvvəl də iki dəfə qarşılaşıb. 2009-cu ildə Niderland klubu, 2014-cü ildə isə Ağdam təmsilçisi mərhələni keçib.
“Tvente” – “Qarabağ” görüşü üçün ev sahibi klub artıq 24 min bilet satıb.


No Comment! Be the first one.