“Newcastle United” 220 milyon avroluq yeni təlim kompleksi inşa edəcək
İngiltərə Premyer Liqasında çıxış edən “Newcastle United” klubu yeni təlim-məşq kompleksinin inşasına hazırlaşır.
Sportify.az saytının məlumatına görə, klub təxminən 105 hektar ərazini əhatə edən “Woolsington Hall” mülkünü satın alaraq burada yeni təlim bazası yaratmaq barədə razılığa gəlib. Layihənin ümumi dəyərinin təxminən 220 milyon avro olacağı gözlənilir.
Məlumata əsasən, yeni kompleksdən klubun əsas komandası və akademiyası istifadə edəcək. Layihənin həyata keçirilməsi üçün lazımi tikinti icazələrinin alınması şərti ilə köçün 2029/30 mövsümünə qədər başa çatdırılması planlaşdırılır. Rəsmi müraciətin gələn ilin əvvəlində Newcastle Şəhər Şurasına təqdim ediləcəyi bildirilir.
Layihə çərçivəsində tarixi mülkün özünəməxsus görünüşünün qorunması nəzərdə tutulur. “Woolsington Hall” tarixi əhəmiyyətli bağ evi və geniş park ərazisindən ibarətdir. “Newcastle United” mövcud tikililəri və ətraf əraziləri bərpa etməklə yanaşı, onların müasir tələblərə uyğunlaşdırılmasını da planlaşdırır.
Klub gələcəkdə qadın komandasının istifadəsi üçün də əlavə infrastrukturun yaradılmasını nəzərdən keçirir. Bu baş tutacağı təqdirdə, yeni kompleks “Newcastle United”in bütün futbol fəaliyyətlərinin əsas mərkəzlərindən birinə çevriləcək.




No Comment! Be the first one.