“Sabah”ın rəqibi Bakıya böyük məbləğdə cərimə ilə gəlir
“Sabah”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi İsrailin “Hapoel Beer Şeva” komandasının ötən iki mərhələdəki oyunları ilə bağlı UEFA-nın intizam qərarları açıqlanıb.
Sportify.az xəbər verir ki, İsrail təmsilçisi əvvəlcə II təsnifat mərhələsində İsrailin “Vikinqur Reykyavik” klubu ilə ev, daha sonra Serbiyanın “Srvena Zvezda” kollektivi ilə III təsnifat mərhələsində səfərdə keçirdiyi qarşılaşmalardakı müxtəlif insidentlərə görə cəzalandırılıb.
İyulun 29-da “Vikinqur Reykyavik”i 2:0 hesabı ilə məğlub etdiyi oyunda pirotexniki vasitələrdən və ya digər əşyalardan istifadə ilə bağlı insidentə görə “Hapoel Beer Şeva”ya 6 000 avro cərimə tətbiq edilib.
“Srvena Zvezda” ilə oyunlarda isə İsrail klubunun azarkeşlərinin stadionun əmlakına və qurğularına ziyan vurması ilə bağlı 8 000 avro, meydançaya əşyaların atılmasına görə isə 8 250 avro cərimə kəsilib. “Hapoel Beer Şeva” həmçinin azarkeşlərinin vurduğu ziyanın ödənilməsi üçün “Srvena Zvezda” ilə əlaqə saxlamalıdır.
Beləliklə, “Hapoel Beer Şeva” son iki avrokubok oyununa görə ümumilikdə 22 250 avro məbləğində cərimələnib.
Qeyd edək ki, İsrail çempionu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə “Sabah”ı məğlubiyyətə uğradıb – 2:1. Cavab oyunu avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



No Comment! Be the first one.