Valdas Dambrauskas: Dünyanın ən xoşbəxt baş məşqçiyəm
“Mən nə deyə bilərəm? Artıq hər şey aydındır. Çox möhtəşəm gecədir. Çox gözəl ab-hava var idi. Stadion azarkeşlərlə dolu idi. Onların hamısını qucaqlamaq və təşəkkür etmək istəyirəm ki, gəldilər. Onların enerjisi bu atmosferi yaratdı. Futbolçularım çox möhtəşəm çıxış etdilər. Onlar buna inandılar və hər gün inanırdılar ki, bu işi görəcəklər”.
Sportify.az xəbər verir ki, bunu “Sabah” komandasının baş məşqçisi Valdas Dambrauskas İsrailin “Hapoel Beer Şeva” komandasını əlavə vaxtda 5:2 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqları pley-off raundunun cavab görüşündən sonra deyib.
Onun sözlərinə görə, “Sabah” indiyədək rəhbərlik etdiyi ən yaxşı komandadır: “Çox çətin məqamda işimizin öhdəsindən gəldik. Bəlkə də bəziləriniz ümidlərinizi itirmişdiniz. Amma onlar inandılar və sonadək mübarizə apardılar, ən yaxşı olduqlarını bir daha sübut etdilər. Görək, gələcəkdə nə baş verəcək. Artıq dünyanın ən böyük klub turnirinin əsas mərhələsinə vəsiqə qazanmışıq. Çox qürur duyuruq. Mən də təbii ki, bu gün dünyanın ən xoşbəxt baş məşqçiyəm. Çox gözəl nəticə əldə etdik. Azərbaycanda ikinci klubuq ki, Avropanın ən nüfuzlu turnirinin əsas mərhələsinə vəsiqə qazanmışıq, ən yaxşı komandalara qarşı mübarizə aparacağıq”.
Komandasındakı bütün futbolçuların əsas mərhələdə oynamağa layiq olduğunu deyən litvalı mütəxəssis püşkatmada hansı rəqiblə düşməyin onun üçün fərq etmədiyini vurğulayıb.
“Tellur Mütəllimov bu qolu gözəl xatirələrlə yadda saxlayacaq. Bunu öz nəvələrinə də söyləyəcək. Onlar öz eqolarını qurban verir, baş məşqçiyə hörmət edirlər. Özünün də şəxsiyyəti çox gözəldir. Həmişə meydançaya çıxmağa hazırdır, məşqlərdə çox səylə çalışır. Ona şəxsiyyət olaraq, çox hörmət edirəm”, – deyə baş məşqçi əlavə edib.
Baş məşqçi start heyətdə müəyyən sürprizlərə əl atdığını etiraf edib və bundan rəqib müəyyən mənada çaşqınlıq keçirib: “Aleksey İsayev adətən ilk “11-lik”də meydançaya daxil olur. Hesab 2:2 olduğu vaxt İsayevi meydançaya buraxdıq ki, gedişatda dəyişikliklər edək. İnanıram ki, “Hapoel Beer Şeva”nın da bəxti gətirdi. Bir neçə halda top tora daxil olmadı. Tellurun zərbəsi isə gözəl sonluq oldu”.
Dambrauskas heç vaxt ümidlərini itirmədiyini dilə gətirib: “Mən sonadək inanırdım ki, qol vuracağıq. Heç vaxt ümidimi itirmirdim. Bəzən şans da əhəmiyyətlidir. Bu gün bizim üçün hər şey yaxşı oldu”.
Təcrübəli mütəxəssis üç cəbhədə mübarizə aparmağın çətin olacağını söyləyib: “Qoy, bu, bizim ən yaxşı problemimiz olsun. Transferə ehtiyacımızın olub-olmadığını görəcəyik. Həmişə öz stilimiz, fəlsəfəmiz var. Həmişə oyuna hakimlik edən komanda olmaq istəyirik. Qapıçımızın səhvləri oldu, amma onunla da fəxr edirəm. O, belə ötürmələr verməsəydi, bəlkə də burda olmazdıq. Bəzi səhvlər oldu. Müəyyən hallarda qapıçı oyuna başlayır və rəqibi sıxışdırırıq. Bütün stadionlarda cəlbedici oynamaq istəyirik”.
“Bu gün mütləq Çempionlar Liqasına vəsiqəni qeyd edəcəyəm. Heç vaxt alkoqol qəbul etməmişəm. Amma mütləq qeyd edəcəyəm”.



No Comment! Be the first one.