"Slaviya"nın "Sabah" üzüntüsü və Dambrauskas etirafı: "Onun hekayəsi xoşuma gəlir”
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsindəki rəqibləri arasında Azərbaycan təmsilçisi “Sabah”ın da olması Çexiyanın “Slaviya Praqa” klubunun cəhbəsində qeyri-adi qarşılanıb.
Sportify.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, “Slaviya” ev oyunlarında İngiltərənin “Arsenal” və “Aston Villa”, İspaniyanın “Vilyarreal” və Fransanın “Lans” komandalarını qəbul edəcək. Praqa klubu səfərdə isə “Sabah”dan əlavə, Almaniyanın “Bavariya”, Portuqaliyanın “Portu” və Türkiyənin “Fənərbağça” klubları ilə də qarşılaşacaq.
“Sabah”la Bakıda keçiriləcək qarşılaşma “Slaviya” üçün xüsusi diqqət çəkib. Praqa ilə Bakı arasındakı məsafə hava yolu ilə təxminən 3000 kilometr təşkil edir. Bu səbəbdən, bu, klub tarixində ən uzun səfər kimi qiymətləndirilir.
Çexiya millisinin yarımmüdafiəçisi Mixal Sadilek “Nova Sport”a açıqlamasında Bakıya səfərlə bağlı bunları deyib: “Düzü, başqa favoritlərim var idi. Amma şəxsən məni ən çox evdə “Vilyarreal”, səfərdə isə “Portu” ilə oyunlar maraqlandırır. Bütün iştirakçı komandalar yüksək səviyyədədir. Hamı deyirdi ki, mütləq “Sabah”la qarşılaşacağıq. Və təbii ki, belə də oldu. Bizi uzun uçuş gözləyir. Buna görə də yaxşı hazırlaşmalı və evə üç xalla qayıtmalıyıq”.
“Slaviya”nın baş məşqçisi İndrjiх Trpişovski isə maraqlı detal açıqlayıb. Onun sözlərinə görə, müdafiəçi David Zima püşkatmadan əvvəl komandanın rəqiblərini, o cümlədən “Sabah”ı düzgün təxmin edib: “Sonuncu rəqib elan olunana qədər ondan susmasını xahiş edirdik. O, yenə də haqlı çıxdı”.
Çexiyalı mütəxəssis qarşıdakı oyunların səviyyəsini yüksək qiymətləndirib: “Bizim həqiqətən maraqlı rəqiblərimiz var. Bəlkə də ümumilikdə ən çətin qruplardan biridir. Tamaşa baxımından əla rəqiblərdir”.
Tрpişovski İngiltərə “Liverpul” ilə qarşılaşa bilməmələrinə təəssüfləndiyini də bildirib. Bununla belə, “Lans”, “Bavariya” və “Arsenal”la oyunların bu itkini kompensasiya etdiyini vurğulayıb.
“Slaviya”nın baş məşqçisi qarşılaşmaq istədiyi həmkarları barədə də danışıb: “Bu, Mikel Arteta ilə dördüncü oyunumuz olacaq. O, həm böyük futbolçu, həm də böyük məşqçidir. Ən çox isə Unai Emeri ilə qarşılaşmağı gözləyirəm. “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın hekayəsi xoşuma gəlir – maraqlı görüş olacaq. “Portu”nun məşqçisi Françesko Farioli ilə də o, “Ayaks”a rəhbərlik etdiyi vaxt qarşılaşmışıq. Və əlbəttə ki, Vinsent Kompani”.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsi sentyabrın 8-də başlayacaq və son tur 2027-ci il yanvarın 27-də keçiriləcək. UEFA oyunların dəqiq təqvimini avqustun 29-dək açıqlayacaq.



No Comment! Be the first one.