“Qəbələ” və "Şamaxı" ilk qələbəni qazandı - YENİLƏNDİ
Misli Premyer Liqasında IV tura start verilib.
Spotify.az xəbər verir ki, açılış oyununda “Qəbələ” “İmişli”ni qəbul edib
Qəbələ şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı “Qəbələ”nin legioneri Kouya Mabea açıb. Bundan 10 dəqiqə sonra “İmişli”nin qazandığı penaltini Dioqo Almeyda dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini “Qəbələ”nin qapıçısı Səlahət Ağayev dəf edib.
Bununla belə, portuqaliyalı hücumçu 45+2-ci dəqiqədə bərabərlik qolunu vurub.
66-cı dəqiqədə isə Karim Rossi yenidən “Qəbələ”ni önə çıxararaq, komandasına mövsümdə ilk qələbəni qazandırıb. Hazırda “qırmızı-qaralar” 4 xalla 6-cı, eyni xala malik qonaqlar isə 7-ci pillədədir.
Günün digər matçında “Kəpəz” “Şamaxı”nı qəbul edib. Gəncə stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1.
Bu matç hazırda “Şamaxı”ya rəhbərlik edən baş məşqçi Azər Bağırovun sabiq komandasına qarşı dueli ilə əlamətdar olub.
Artıq 9-cu dəqiqədə Tornike Axvlediani qonaqları önə çıxarıb. 21-ci dəqiqədə Uğur Cahangirov qonaqların ikinci qolunu vurub.
Meydan sahibləri 56-cı dəqiqədə Desmond Akuanın dəqiq zərbəsi ilə fərqi azaltsa da, “Şamaxı” qalan bölümdə də iki qol vurub. Ayman Buali 63-cü, Həbib İsmayılov 76-cı dəqiqədə dəqiq zərbələrə imza atıb.
Beləliklə, “Şamaxı” da ilk qələbəsini qazanıb və 5 xalla 5-ci pilləyə yüksəlib. “Kəpəz” isə hələlik 3 xalla 8-ci yerdə gedir.
Premyer Liqa
I dövrə, IV tur
4 sentyabr
18:00. “Qəbələ” – “İmişli” – 2:1
Qol: Kouya Mabea, 15. Karim Rossi, 66 – Dioqo Almeyda, 45+2
İstifadə olunmamış penalti: Dioqo ALmeyda, 25 (qapıçı)
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu
20:15. “Kəpəz” – “Şamaxı” – 1:4
Qollar: Desmond Akua, 56 – Tornike Axvlediani, 9. Uğur Cahangirov, 21. Ayman Buali, 63. Həbib İsmayılov, 76
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu
Qeyd edək ki, IV tura sentyabrın 6-da yekun vurulacaq.



No Comment! Be the first one.