Bakı çempionatı keçiriləcək
Sentyabrın 18-20-də kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək.
Sportify.az xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış Hövsan Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.
Beynəlxalq standartlara uyğun Olimpiya sistemi əsasında keçiriləcək çempionatda 50-yə yaxın idmançı iştirak edərək qalib adı uğrunda mübarizə aparacaq.
Yarışda U-15 yaş kateqoriyasında çıxış edən idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alacaqlar.
Üç gün davam edəcək çempionatın proqramına əsasən, sentyabrın 18-də idmançıların məşq və sınaq atışları keçiriləcək. Sentyabrın 19-da təsnifat və əsas seçmə mərhələləri baş tutacaq. Sentyabrın 20-də isə final qarşılaşmaları keçiriləcək və qaliblərin mükafatlandırılması mərasimi təşkil olunacaq.
Çempionatın yekununda yüksək nəticə göstərən idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.



No Comment! Be the first one.