Aziz Yıldırım baş məşqçinin istefasını qəbul etmədi
Türkiyə “Fənərbağça”sının prezidenti Aziz Yıldırım İsmail Kartalın komandanın baş məşqçi postundan istefasını qəbul etməyib.
Sportify.az xəbər verir ki, bu barədə Yıldırımın özü İtaliya “Roma”sı ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk tur matçından sonra jurnalistlərə açıqlamasında bildirib.
Təcrübəli mütəxəssisin vəzifəsinin başında qalacağını söyləyən klub prezidenti Kartalın üzləşdiyi təzyiqdən narahat olduğunu bildirib: “İsmailin vəziyyətini gördünüz. İnsan bu qədər sıxıntıya, təzyiqə dözə bilərmi? Biz də eyni təzyiq altındayıq. İsmail Kartalın başına su şüşəsi atdılar. Biz bunu gördük və buna görə çox üzüldük. Səbəb budur. Komandamız yaxşı oynadı və bir xal qazandıq. Hesablamalarımıza görə, növbəti mərhələyə vəsiqə qazana bilərik”.
Yıldırım 18 ildən sonra “Fənərbağça”nın Çempionlar Liqasına qayıtmasını uğur kimi qiymətləndirib və komandanın ünvanına yönələn tənqidləri sərt şəkildə cavablandırıb: “Düzgün təhlil aparın, oradan ittihamlar irəli sürməyin. May ayı gələndə hər şeyi görəcəksiniz. 18 ildən sonra bir məşqçi və rəhbərlik Çempionlar Liqasına vəsiqə qazanır. Bunu alqışlamaq əvəzinə, komandamızı yerə vurursunuz. “Fənərbağçalıyam” deyən şərhçilərin hamısı kluba xəyanət edir. Biz həmişə burada olmayacağıq. Uğursuzluq olduğu üçün bura gəldik. “Fənərbağça”lılar ağlayırdı, indi isə uşaqlar sevinir. İsmail Kartal vəzifəsinin başındadır. Bu cameə da İsmail Kartala sahib çıxsın. İnsanların başına şüşə atmaqla onlara sahib çıxmaq olmaz. Çempionlar Liqası matçında yaxşı oynadıq və 1:1 hesablı nəticə əldə etdik. Meydanda taktiki mübarizə gedirdi. Bunu görməmək ayıbdır”.
Yıldırım Kartalı “öz övladı” adlandırıb və onunla istefasından sonra danışdığını bildirib: “Bu şüşə atılması məsələsini mənə özü dedi. Təzyiqdən danışdı, dərman qəbul etdiyini söylədi. Mənim 20 illik prezidentlik dönəmimdə iki baş məşqçi istisna olmaqla, mövsüm başa çatmamış heç bir baş məşqçi ilə yolları ayırmamışam. Təcrübəmiz olmasa, biz də bu stresi qaldıra bilmərik”.
Yıldırım Kartalın istefa qərarının gözlənilməz olduğunu deyib: “Birdən-birə istefa verdi. Bunları siz yazırsınız, adam da istefa verir. Ona zəmin yaradırsınız. Hamı sosial şəbəkələrdə onun üzərinə gedir. Mən sosial şəbəkələrdə heç nə oxumadığım üçün vəziyyətdən xəbərim yox idi”.
Klub rəhbəri Kartalla bağlı qərarını da qəti şəkildə açıqlayıb: “Kartala davam edəcəyini söyləməyimə ehtiyac yoxdur. “Davam edəcəksən” dedim və məsələ bitdi. Mən onun böyüyüyəm. Biz bir ailəyik. Bizim tərəfdən heç bir problem yoxdur. Hesab 1:1 ikən onun başına şüşə gəldi. Ardınca da azarkeşlər vəziyyəti anlamadan qışqırmağa başladılar”.
Aziz Yıldırım televiziya proqramlarında çıxış edən futbol şərhçilərini də tənqid edib və “Fənərbağça” cameəsini klubun dəyərlərinə sahib çıxmağa çağırıb: “Televiziyada şərh verənlər insanları klubdan uzaqlaşdırırlar. Bunlar olmamalıdır. Heç kim yalan xəbər yaymasın. Tənqid edin, amma yalan yazmayın”.



No Comment! Be the first one.