Valdas Dambrauskas: Bəlkə də daxilən daha çox şey gözləyirdik
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, mətbuat konfransında litvalı mütəxəssis komandasının turnirdəki debütünün qürurverici olduğunu bildirib.
Onun sözlərinə görə, birinci hissənin sonlarında iki top buraxmaları komandasında məyusluq yaradıb: “Mən, əlbəttə, qürurlu məşqçiyəm. Bu səviyyədə debüt edirdik. Bəlkə də daxilən daha çox şey gözləyirdik və buna görə qolları buraxmağımız, xüsusilə də ilk hissənin sonunda iki top buraxmağımız bir qədər məyusluq yaratdı”.
Dambrauskas komandasının topa sahib olduğu zaman oyuna nəzarət etməyə çalışdığını, lakin bunun təcrübəsizlikdən irəli gələn bəzi problemlərə səbəb olduğunu deyib: “Bu, bir qədər təcrübəsizliklə bağlı idi. Hücum etmək imkanımız yarananda topa sahib olmağa və oyuna nəzarət etməyə çalışırdıq. Təbii ki, “Mançester Yunayted” oyunu bizim üzərimizə gətirdiyi qədər bizim də müəyyən imkanlarımız oldu”.
Baş məşqçi komandanın hücum və müdafiə xətləri arasındakı məsafənin böyük olduğunu etiraf edib: “Bəzi anlarda hücumumuzla müdafiəmiz arasındakı məsafə həddindən artıq böyük idi. Topu itirəndə bəzən dərhal mövqelərimizə qayıda bilmirdik. Belə vəziyyətlərdə onlar bizi bütün oyun boyu cəzalandıra bilərdilər”.
Dambrauskas “Mançester Yunayted”in kapitanı Brunu Fernandeşi də xüsusi qeyd edib: “Brunu Fernandeş elə Brunudur – necə oyunçudur! “Yunayted”i təbrik edirəm. Üç illik fasilədən sonra Çempionlar Liqasına qayıdıb qələbə qazanmaq onlar üçün yaxşı nəticədir. Onları təbrik edirəm”.



No Comment! Be the first one.