Oxatanlarımız Belarusda birinci oldular
Azərbaycanın kamandan oxatma üzrə millisi Belarusun Mogilyov şəhərində keçirilən ölkə çempionatında uğurlu çıxışı ilə diqqət çəkib.
Sportify.az xəbər verir ki, sentyabrın 8-də start götürən və 120 idmançının mübarizə apardığı yarışda komandanın baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimer Lekveişvilinin rəhbərliyi altında təmsil olunub.
Yarışdan öncə, 29 avqust-7 sentyabr tarixlərində Mogilyovda keçirilən beynəlxalq təlim-məşq toplanışında olan oxatanlar bu hazırlığın bəhrəsini turnirdə qazandıqları parlaq qələbələrlə nümayiş etdiriblər.
Fatimə Hüseynli və Yaylagül Ramazanovanın yer aldığı heyət çempionatın ən güclü iştirakçıları sırasında yer alaraq yüksək nəticələrə imza atıblar.
70 metr məsafədə qadınlar arasında fərdi yarış növündə ustad çıxış nümayiş etdirən Fatimə Hüseynli 632 təsnifat xalı toplayaraq bütün rəqiblərini üstələyib və çempionatın qızıl medalına sahib olub.
Eyni kateqoriyada yüksək peşəkarlıq göstərən Yaylagül Ramazanova gümüş medal qazanıb.
İnamlı çıxışını davam etdirən Fatimə Hüseynli qarışıq komanda növündə belaruslu oxatan Kiril Firsov ilə birgə uğurlu mübarizə apararaq bürünc medalı da hesabımıza yazdırıb. Dünən baş tutan gərgin həlledici qarşılaşmalardan sonra əldə edilən bu mühüm nailiyyətlərin yekunu olaraq, bu gün qalib idmançıların təntənəli mükafatlandırılması mərasimi təşkil olunacaq.



No Comment! Be the first one.