Ayxan Abbasov: Legioner və yerli futbolçu söhbətini çox qabardırıq - MÜSAHİBƏ
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun Sportify.az-a müsahibəsi
– UEFA Millətlər Liqası üçün heyət nə zaman açıqlanacaq?
– Milli fasilədən əvvəlki son tur ərəfəsində açıqlayacağıq. Hazırda bunun üzərində çalışırıq.
– U-20 millisinə cəlb olunan futbolçuları əsas millidə də yoxlamağı düşünürsünüzmü?
– U-20 ilə bağlı özəl sual verilməsi mənə çox maraqlı gəldi. Biz U-21 millisi ilə sıx əlaqədəyik. U-20-dəki uşaqlar pillə-pillə U-21-ə düşməlidirlər ki, oradan da əsas milliyə çağırılsınlar. Ümumilikdə Azərbaycanın bütün istedadlı futbolçuları nəzarətdədir, gələcəkdə yaxşı vəziyyətdə olanda, əlbəttə, əsas milliyə də cəlb olunacaqlar. Bu proses pilləli gedir. Onlar əvvəlcə U-21-ə, daha yaxşıları isə əsas milliyə daha tez cəlb olunmalıdırlar. U-20-ni də ağır yol gözləyir, gələn il ölkəmizdə və Özbəkistanda təşkil olunacaq dünya çempionatında oynayacaqlar. Uğurlar arzulayıram.
– “Neftçi”nin ən çox yerli oyunçuya şans verməsi “yerlilərlə uğur qazanmaq mümkün deyil” kimi fikirləri alt-üst edirmi?
– Təəssüf ki, belə fikirlər də var. Ümumən legioner və yerli söhbətini çox qabardırıq. Sanki klublarımız azərbaycanlı futbolçularla nəticə qazanmayıb. “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə ilk dəfə vəsiqə qazandığı mövsümdə komandada 7-8 futbolçu çıxış edirdi. Yəni, mən hazırda belə fikirdə deyiləm. Bu gün “Neftçi”də yerlilər güclüdür, istedadlı azərbaycanlı futbolçular çıxış edirlər. Baş məşqçi Yuri Vernidub da onlara şans verir. Niyə də əsas heyətdə olmasınlar?! Rüfət Abbasovu götürək. Bu gün Rüfət “Neftçi”də Mustafa Seklə yaxşı mənada mübarizə aparır və görürük ki, qalib gəlir. Baş məşqçilər də kimin güclü olduğunu görürlər və güclü olanlar da meydana çıxırlar.
– “Sabah”ın Çempionlar Liqasındakı ilk matçını necə dəyərləndirirsiniz?
– Məncə, bu komanda cari mövsüm maksimumunu edərək, Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib, böyük klublarla qarşılaşacaq. Azarkeşlərimiz böyük klubları Bakıda görəcəklər. Fikrimcə, “Sabah” bu turnirdən həzz almalıdır. Son oyununda məğlub olsa da, pis təsir bağışlamadı. Ən əsası odur ki, təcrübə qazanırlar və bu, “Sabah” üçün vacibdir.
– “Sabah”ın Çempionlar Liqasında “Mançester Yunayted”ə qarşı İngiltərədəki ilk tur matçının start heyətində cəmi bir yerli futbolçu – Rəhman Daşdəmirov yer almışdı. Bu, sizi narahat etmədi?
– Niyə biz bir azərbaycanlının səhvini bu qədər qabardırıq? Legionerlər də səhv edirlər. Niyə sırf azərbaycanlının səhvi göz önünə gəlir? Buna təəssüf edirəm. Digər komandalarımız avrokuboklarda oynayanda legionerlər səhv etmirdilər? Bu məsələni çox da qabartmağa ehtiyac yoxdur.
– Təkcə Rəhman Daşdəmirovun səhvləri qabardılmır, qapıçı Stas Pokatilov da tənqid olunur. Amma Daşdəmirov Azərbaycan millisinin üzvü olduğu üçün məhz onunla bağlı sual sizə ünvanlandı…
– Məncə, Rəhman pis çıxış etmədi.
– Ayxan Hüseynov “Turan Tovuz”da çıxış etdiyi dönəmdə “Futbolçu klub seçimini düzgün etməlidir ki, daim əsas heyətdə oynaya bilsin” deyirdiniz. Sizcə, onun “Zirə”yə keçmək qərarı əsas heyətə düşə bilməsi baxımından düzgün seçim oldu?
– Ayxan Hüseynov istedadlı futbolçudur. Hamı bilir ki, onu “Turan Tovuz”a dəvət etdiyimiz vaxt Rusiyanın II Divizionunda çıxış edirdi. Həmin vaxt da Ayxana inanırdıq. Məncə, bu gün ən çox inkişaf edən, artıran futbolçulardandır, amma maksimumu deyil. Bu gün “Zirə”də əsas oyunçu olması bizi sevindirir. Biz də istəyirik ki, futbolçular klublarında daim çıxış eləsinlər. Çünki bu, inkişaf üçün lazımdır. Ona görə də futbolçuların özlərindən də çox asılıdır.
– Gəncədə dolu tribunalar önündə oynamaq imkanı var idi. Bakıda isə milli komandanın oyunlarına o qədər də çox azarkeş gəlmir. Bu baxımdan, Azərbaycan – Litva oyununun Gəncədən Bakıya keçirilməsi qərarı sizə necə təsir etdi?
– Biz millinin bölgələrdə də oyunlarının olmasını istəyirik. İndi müəyyən səbəblərə görə bu, baş vermədi. Ümid edirəm ki, gələcəkdə alınar.
– Emil Balayevin timsalında milli komanda üçün əsas qapıçının yetişdiyini demək olarmı?
– Əlbəttə, onun əsas heyətdə daim yer alması bizi sevindirir. Əvvəlki toplantılarda da bizimlə olub. Bu gün “Neftçi”də əsas heyət qapıçısıdır. Tək onu qeyd etmək olmaz, Aydın Bayramov da “Zirə”də çox yaxşı çıxış edir. Nicat Mehbalıyev “Şəfa”da daim əsas oyunçuya çevrilib. Bütün bunlar bizi sevindirir. Digər qapıçılarımız az şans alırlar. Onların da şans qazanacaqlarına inanıram.
– “Qarabağ”dakı heyətlə bağlı son proseslər yerli futbolçuların əsas heyətə düşmək şansına da təsir göstərirmi?
– “Qarabağ”da çoxlu dəyişiklik olub. Bir çox oyunçu gedib, yeni legionerlər gəlib. Görünən budur ki, hazırkı yerli futbolçulara vaxt lazımdır. Görürük ki, orada da digər komandalar kimi, imkan düşdükcə yerli futbolçulara daha çox üstünlük verilir. Bu da təbiidir, burada, belə deyək, qeyri-adi bir şey yoxdur.
– Sabiq komandanız “Şamaxı” hazırda az büdcəli klublar arasında ən yaxşı nəticəni göstərir. Komandanın çıxışını necə dəyərləndirirsiniz? Bunu sizin dəst-xəttinizi davamı kimi dəyərləndirənlər də var…
– Çempionat hələ yeni başlayıb. Görürük ki, bəzi klublarımızda tam adaptasiya getməyib. Məncə, oyundan-oyuna tam fərqli futbolçular üzə çıxacaq. “Şamaxı”da ötən mövsümdən qalan oyunçular da var. Onlar heyətin əsas üzvləridir. Qapıçı Rikardu Fernandeş, Rikardo Apolinario, Edqar Adilxanov, Oruc Məmmədov, Həbib İsmayılov, Abdullahi Şuaybunu qeyd edə bilərəm. Əlbəttə, yeni baş məşqçi Azər Bağırovun da işini qiymətləndirmək lazımdır. O, komandanı çempionata tam hazır edib. Həmişə demişəm ki, “Şamaxı”ya azarkeşlik edəcəyəm. Çünki bu klub az büdcə ilə Azərbaycan çempionatına və milliyə yeni oyunçular qazandırıb. Bu xətti davam etdirirlər. Klub rəhbərliyini də təbrik edirəm, səbrlidirlər.
– Mahir Emreli ilə Polşada görüşdünüz, onun Ekstraklasada “Rakuv”un heyətində “Motor”a qarşı son oyununu izlədiniz. Təəssüratlarınız necədir?
– Emrəli ilə oyundan öncə də, oyundan sonra da görüşdük, özü ilə bağlı bütün məsələləri müzakirə etdik. Klub prezidenti də, yeni baş məşqçi Tomaş Kaçmarek də Mahir haqqında çox yaxşı fikirdədirlər və çox şey gözləyirlər. Bu, bizi sevindirir. Arzu edirəm ki, Mahir Polşada bu il ən yaxşı mövsümünü keçirsin və Azərbaycanın futbolçuları üçün yeni qapı açsın.
Bahar RÜSTƏM



No Comment! Be the first one.