Məsiyev yalnız özünü "yandırdı": Qalan hakimlərin hamısı yenə iş başında
FIFA referisi Elçin Məsiyevin Misli Premyer Liqasında V turun “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında təyin etdiyi yanlış penalti qərarı hakimlər briqadasından yalnız onun özünə baha başa gəlib.
Sportify.az xəbər verir ki, Məsiyevdən başqa hamı qarşıdakı turun oyunlarına təyinat alıb.
Şamaxı şəhər stadionundakı qarşılaşmada VAR hakimi funksiyasını yerinə yetirmiş daha bir FIFA referisi Kamal Umudlu sentyabrın 19-da VI turun “Sabah” – “İmişli” görüşünün baş hakimi olacaq.
VAR hakiminin köməkçisi olmuş Müslüm Əliyev bu gün “Qəbələ” – “Neftçi” qarşılaşmasının yan xətt hakimi kimi iş başında olacaq.
Ötən oyunun yan xətt hakimlərindən Elşad Abdullayev yenidən “Araz-Naxçıvan”ın oyununa göndərilib. Bu dəfə o, sentyabrın 20-də “Şamaxı” ilə səfər matçında VAR hakiminin köməkçisi funksiyasını yerinə yetirəcək.
Digər laynsman Pərvin Talıbov bu gün “Qarabağ” – “Şəfa” görüşündə VAR hakiminin köməkçisi, dördüncü hakim İslam Məmmədov və hakim-inspektor Asim Xudiyev isə bu matçda yenə eyni vəzifənin icracısı olacaqlar.
Qeyd edək ki, Elçin Məsiyev “Araz-Naxçıvan” – “Turan Tovuz” matçının 81-ci dəqiqəsində qonaqların qapısına penalti təyin edib. VAR epizoda baxdıqdan sonra onu monitora dəvət edib. Məsiyev epizodu 2 dəqiqəyədək izləsə də, qərarını dəyişməyib. Nəticədə “Araz-Naxçıvan” penaltini dəqiq yerinə yetirib və oyun heç-heçə ilə yekunlaşıb – 2:2.



No Comment! Be the first one.