Zaur Həşimov: “Üç həftə sonra daha güclü “Şəfa” görəcəyik”
“Ümumən uşaqlardan narazı qalmadım, hətta onlara təşəkkür etdim. Üç gün əvvəl “Sabah”la keçirdiyimiz oyun da komandaya fiziki cəhətdən təsir etmişdi. Bütün bunların fonunda komandamdan razı qaldım. Mənə elə gəlir ki, oyun da pis alınmadı”.
Sportify.az xəbər verir ki, bu sözləri “Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının VI turunda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmanın gedişatını dəyərləndirib: “Penalti epizoduna qədər demək olar ki, “Qarabağ”a yüz faizlik qol epizodu verməmişdik. Ümid edirdik ki, hücumlarda hər hansı bir epizoddan istifadə edib qol vura bilərik. Açığı, ən azı bir xal qazanacağımızı düşünürdük və bunun üçün gəlmişdik”.
Zaur Həşimov komandanın qarşıdakı “Turan Tovuz” matçına hazırlığı barədə də danışıb. O, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilənin komandaya hazırlaşmaq üçün imkan verəcəyini bildirib: “Tovuzla oyunu milli fasilədən sonra keçirəcəyik. Buna qədər üç həftə vaxtımız var. Bu qrafiklə bütün komandalar oynayacaq. “Neftçi”, “Sabah”, “Qarabağ” kimi komandalarla oyunlara da məğlub olmaq üçün çıxmamışdıq. Ən azı xal qoparmağa çalışırdıq”.
Baş məşqçi “Şəfa”nın yeni formalaşan komanda olduğunu vurğulayıb: “Oynadığımız bütün komandalar bizimlə qarşılaşana qədər artıq bir neçə rəsmi oyun, həmçinin avrokubok matçları keçirmişdilər. Bu da normaldır. Biz yeni komandayıq, iki ay, iki ay yarımlıq komandayıq. Amma bu gün mənə elə gəlir ki, komandam layiqincə mübarizə apardı. Bu baxımdan, üç həftə sonra Tovuzda daha yaxşı və daha güclü “Şəfa” görəcəyik”.



No Comment! Be the first one.