Millimizin hücumçusu: Bəs Lixtenşteyndə qol buraxsaydıq, nə olacaqdı? - MÜSAHİBƏ
İcarə əsasında “Araz-Naxçıvan”da çıxış edən Ağadadaş Salyanski Azərbaycan millisində noyabrın 16-da Andorra ilə yoldaşlıq görüşündə debüt edib.
22 yaşlı hücumçu Sportify.az-a müsahibəsində həm millidəki ilk oyunu, həm də yığma ətrafında yaşanan müzakirələr barədə danışıb:
– Millidə debütünüz barədə nə deyə bilərsiniz?
– Əslində, çox sevincliyəm. Doğrudan da, bu, uşaqlıq arzum idi. Nə vaxtsa Azərbaycan millisinin formasını geyinmək istəyirdim. Şükür Allaha, bu arzum gerçəkləşdi. Düşünürəm ki, hər bir futbolçunun arzusu milli komandanın formasını geyinərək ölkəsini layiqincə təmsil etməkdir. Digər tərəfdən, bu, mənim üçün ikiqat bayram oldu. Həm millidə debüt etdim, həm də qələbə qazandıq. Doğrudan da, inanılmaz hisslərdir.
– Qarşılaşmada qol vurmaq fürsətiniz də oldu, amma bundan yararlana bilmədiniz…
– Bəli, son dəqiqələrdə fürsətim oldu. Təəssüf ki, həmin epizodda qol vura bilmədim. Amma buna görə heyifsilənmirəm. Bu, hələ başlanğıcdır. İnşallah, gələcək toplanışlarda da milliyə dəvət alsam, hər şeyi qaydasına salmağa çalışacağam. Öz adımdan qollar vuraraq ölkəmizi sevindirmək istəyirəm.

– Şahrudin Məhəmmədəliyev bildirib ki, komandaya D Liqasının qalibi olmağın pley-off vəsiqəsi qazandıracağı deyilməyib. Bu məlumat doğrudurmu?
– Baş məşqçi Ayxan Abbasov bu barədə açıqlama verib. Məncə, Şahruddin fikrini düzgün ifadə etməyib. Hər halda, qələbə qələbədir. İnanıram ki, gələcəkdə millidən gözləntilər də doğrulacaq. Hamı yığmadan qələbə gözləyir, bəzən isə istənilən nəticəni əldə etmək mümkün olmur. Demək istəyirəm ki, milli komandamız gələcəkdə daim qələbələr qazanacaq gücə sahib olacaq. Bu cür qələbələr sonuncu yerdə olan komandaya inam və motivasiya verir. Andorra və Lixtenşteynlə səfər, Litva ilə ev oyunundakı qalibiyyətləri nəzərdə tuturam.
– Lixtenşteynlə səfər oyununda ikinci qolu vurmaq əvəzinə komandanın son dəqiqələrdə vaxt uzatması müzakirələrə səbəb oldu. Buna münasibətiniz necədir?
– Son saniyələrdə, 90+5-ci dəqiqədə vaxt uzadıldı. Bu, qələbəni əldən verməmək üçün edilir. Səfərdə oynayırsan, 1:0 hesabı ilə öndəsən, meydan sahibi isə artıq maksimum güclə irəli atılır. Belə vəziyyətdə hesabı qorumağa, qol buraxmamağa çalışırsan.
– Amma ikinci qol D Liqasının ümumi xal sıralamasında Maltanı geridə qoymaq baxımından da vacib idi…
– Yaxşı, Allah eləməsin, bəs qol buraxsaydıq, nə olacaqdı? Yenə deyiləcəkdi ki, Lixtenşteyni məğlub edə bilmədik. Tənqidlər, hətta təhqirlər başlayacaqdı. Futbolda heç kim heç nədən sığortalanmayıb. Son dəqiqələrdə künc zərbəsindən, yaxud əks-hücumda qol buraxa bilərdin. Məncə, bu, daha pis olardı. Hər halda, yenə də deyirəm, qismət Allahdandır. Məncə, qazandığımız qələbəni də danmamalıyıq.
– Təhqirlərlə də üzləşirsiniz?
– İctimaiyyət arasında ağzına gələni yazanlar olur, ara-sıra belə hallarla rastlaşırıq.

– “Araz-Naxçıvan” qarşıdakı turda “Neftçi”yə qarşı oynayacaq. Gözləntiləriniz nədir?
– Kim layiqdirsə, o da qazansın.
– Yeri gəlmişkən, müqavilə üzrə məxsus olduğunuz kluba qarşı oyunda iştirak etməyinizə icazə varmı?
– Xeyr, oynaya bilməyəcəyəm. Əvvəlcədən belə razılaşdırılıb.
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.