Azərbaycanlı bombardir "Neftçi"yə qarşı oynamayacaq - FOTO
” Araz-Naxçıvan” komandasının futbolçusu Ağadadaş Salyanski Misli Premyer Liqasının XII turunda “Neftçi”yə qarşı keçirəcəkləri ev oyununda meydana çıxa bilməyəcək.
Bu barədə Sportify.az-a 22 yaşlı hücumçunun özü məlumat verib.
Salyanskinin sözlərinə görə, onun sabiq komandasına qarşı oynamaması ilə bağlı məhdudiyyət iki klub arasında əldə olunan razılaşmada əksini tapıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan forvard hazırda “Araz-Naxçıvan”da icarə əsasında çıxış edir. O, Naxçıvan təmsilçisinə icarəyə verilərkən paytaxt klubuna qarşı oyunlarda iştirak etməməsi razılaşdırılıb. Bu şərt mövsümün sonunadək, yəni birillik icarə müddəti ərzində qüvvədə olacaq.

Qeyd edək ki, Ağadadaş Salyanski bu mövsüm “Araz-Naxçıvan”ın heyətində Misli Premyer Liqasında 5 qol vurub. Salyanski bu göstərici ilə azərbaycanlı futbolçular arasında bombardirlər yarışına liderlik edir. O, Azərbaycan millisinin noyabr toplanışına dəvət alıb və Andorra ilə noyabrın 16-da keçirilmiş yoldaşlıq görüşündə debüt edib.



No Comment! Be the first one.