Dani Alves: Həbsxanada futbolda milyonlar qazandığım vaxtdan daha xoşbəxt idim
İspaniya klubu “Barselona” və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alves həbsdə olduğu dövrdə özünü futbolçu karyerasının ən uğurlu illərindən daha xoşbəxt hiss etdiyini bildirib.
Sportify.az xəbər verir ki, 43 yaşlı braziliyalının sözlərini “Goal” nəşri yayıb.
Alves açıqlamasında deyib:
“Tanrı və futbol sayəsində milyonlarla avro qazandım. Amma həbsxanada 113 avro qazandığım üçün futbolda milyonlar qazandığım vaxtlardan daha xoşbəxt idim”.
Braziliyalı keçmiş futbolçu həbsdə olduğu müddətdə xadimə kimi çalışdığını bildirib. O, pula və uğura münasibətinin dəyişməsini dini inancı ilə əlaqələndirib.
Xatırladaq ki, Dani Alves 2023-cü ilin yanvarında cinsi təcavüz ittihamı ilə həbs edilib. 2024-cü ilin fevralında 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Həmin ilin martında isə təxminən 14 ay həbsdə qaldıqdan sonra 1 milyon avro girov müqabilində azadlığa buraxılıb.
2025-ci ilin martında Kataloniya Ali Məhkəməsi əvvəlki hökmü ləğv edərək Alvesə bəraət verib.
Qeyd edək ki, karyerası ərzində “Barselona” ilə 3 dəfə Çempionlar Liqasının, Braziliya millisi ilə isə 2 dəfə Amerika Kubokunun qalibi olub.



No Comment! Be the first one.